AZ

Kristiano Ronaldo Avropa çempionatlarının rekordçusu oldu

AÇ-2024-ün Türkiyə millisi ilə 2-ci tur oyunu (3:0) Portuqaliya yığmasının kapitanı, ulduz hücumçu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, təcrübəli futbolçu bu oyunda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə, Ronaldo iştirak etdiyi ardıcıl 6-cı qitə birinciliyində 7-ci məhsuldar ötürməsini rəsmiləşdirib ki, bu da Avropa çempionatının tarixən ən yaxşı nəticəsidir.

Xatırladaq ki, Kristiano vurduğu 14 qolla da Avropa çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Bir sözlə o, qitə birinciliklərində həm qol, həm də məhsuldar ötürmələr üzrə rekordçudur.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 209 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
121
2
arena.az

10Mənbələr