AZ

Kristiano Ronaldo mütləq rekord müəyyənləşdirdi

İrlandiya yığmasına qarşı keçirilmiş yoldaşlıq oyunu (3:0) Portuqaliya yığmasının veteran ulduzu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumat verir ki, Ronaldo peşəkar futbolçu karyerası ərzində 1226-cı oyununa çıxaraq, mütləq rekord müəyyənləşdirib.

Ronaldo daha əvvəl məşhur braziliyalı qapıçı Rojerio Seninin xeyli müddət qüvvədə olan 1225 oyundan ibarət rekorduna şərik idi.

Beləliklə, Ronaldo peşəkar karyerasında ən çox oyun keçirmiş futbolçudur.

Həmçinin Ronaldo bu oyunda dübarə fərqlənərək, komandasının böyükhesablı qələbəsinə töhfəsini verib, eyni zamanda milli komandanın heyətində iştirak və qol sayına görə özünə aid rekordu yeniləyib.

Portuqal ulduz bu nailiyyətini şərh edib:

“Milli komanda üçün hər bir qol xüsusidir. Çox şadam ki, gələ, oynaya və qol vura bildim, amma əsas məqsəd qələbə qazanmaq və yaxşı futbol göstərməkdir. Həmişə bizi ehtirasla dəstəkləyən azarkeşlərə də təşəkkür etmək istərdim – bu, çox vacibdir”.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 207 oyun keçirib, 130 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
11
arena.az

10Mənbələr