RU

Kilian Mbappe “Qızıl top”u qazanmaq istəyindən danışdı

Madrid “Real”ının və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe “Qızıl top”u qazanmaq istəyindən danışıb.

Arena.az “Sport Bild” nəşrinə istinadən fransalı futbolçunun bu barədə fikirlərini sitat gətirir:

“Bu, hər zaman mənim arzumdur. Hətta uşaq ikən, bir gün ən yaxşı oyunçu olmaq istəyirdim. Bu məqsədimə çatmaq üçün bundan sonra da bütün gücümü verməyə və səylə işləməyə çox çalışacağam. Çünki bu, mənim işim və həyatımın bir hissəsidir: həzz duyğusunu itirmədən daima təkmilləşmək”, deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 79 oyun keçirib, 47 qol vurub və 33 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
163
12
arena.az

10Источники