AZ

Kasilyas Mbappenin “Real”a transferinin əhəmiyyətindən danışdı

İspaniya çempionu “Real”ın sabiq qapıçısı İker Kasilyas Kilian Mbappenin transferinin Madrid klubu üçün əhəmiyyətindən danışıb.

Arena.az xatırladır ki, dünən, iyulun 1-də Mbappe rəsmən “kral klubu”nun futbolçusu olub.

“Mbappenin gəlişi? O, sizə böyük üstünlüklər qazandıran, təkmilləşdirməyə yardım edən, sizə daha çox güc-qüvvət verən, batareyanızı dolduran oyunçudur. Gəlin görək, digər klublar necə çıxış edirlər və bu oyunçuya qarşı necə mübarizə aparırlar. Madrid yaxşı gücləndi, amma indi digər komandalar addım atmalı və onların işini çətinləşdirməlidir”, deyə Kasilyas açıqlayıb.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 82 oyun keçirib, 48 qol vurub və 34 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
12
arena.az

10Mənbələr