AZ

Qallas Mbappenin AÇ-2024-dəki çıxışına qiymət verdi

Fransa yığmasının sabiq müdafiəçisi Vilyam Qallas “xoruzlar”ın ulduz hücumçusu və kapitanı Kilian Mbappenin oyununa qiymət verib.

Arena.az xəbər verir ki, o, ulduz futbolçunun “Real”a keçidinin, futbolçunun AÇ-2024-dəki səmərəsinə təsirsiz ötüşmədiyini bildirib:

“Bu, xəyal edilən keçiddir. Amma elanı bir neçə ay gecikdirmək Kilian üçün mütləq öz təsirini göstərdi. Ona görə də hazırda Kilian Mbappeni ən yaxşı vəziyyətdə görmürük. Artıq AÇ-2024-də bir qol vursa da, əvvəlki kimi məhsuldarlıq nümayiş etdirmir. PSJ-dəki karyerasının sonu və aldığı zədə forma almağa kömək etmədi. Amma oyundan sonra görürsən ki, onun ən yaxşı futbolu geri qayıdır”, deyə Qallas açıqlayıb.

Xatırladaq ki, iyunun 3-də “Real” Mbappe ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 83 oyun keçirib, 48 qol vurub və 34 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Seçilən
128
3
arena.az

10Mənbələr