AZ

Kilian Mbappe burnunu sındırdı - əməliyyat qaçılmazdır - Video

AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya yığması ilə oyun Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, “xoruzlar”ın ulduzu və kapitanı oyunun 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırıb.

Bu məqamdan dərhal sonra Mbappe əvəzlənib.

Fransa yığmasının baş məşqçisi Didye Deşam bu barədə məlumatı təsdiqləyib: “Kilian Mbappe güman ki, burnunu sındırıb”.

Bu arada Fransanın nüfuzlu “L’Équipe” məlumat verib ki, Mbappe stadionu təcili yardım maşınında tərk etməli olub.

Mənbənin məlumatına görə, Mbappenin burnu sınıb və ulduz futbolçunu təcili surətdə əməliyyat edəcəklər.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 80 oyun keçirib, 47 qol vurub və 34 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
22
arena.az

10Mənbələr