AZ

Matvey Safonov rəsmən PSJ-də

Rusiyanın “Krasnodar” klubunun qapıçısı Matvey Safonov bundan sonra Fransa çempionu PSJ-nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Qeyd edək ki, bu, 2023/2024 mövsümünü Fransa çempionu kimi başa vurmuş PSJ-nin növbəti mövsüm öncəsi ilk transferidir.

Safonov PSJ-nin rəsmi saytına açıqlamasında bu transferdən məmnun olduğunu bildirib: “Tarixinə və əldə etdiyi nailiyyətlərə görə dünyanın ən böyük klublarından biri olan PSJ-yə transfer olunduğum üçün çox xoşbəxtəm. Yeni komanda yoldaşlarımla görüşmək və azarkeşlərimizi qürurlandırmaq üçün səbirsizlənirəm”.

“Krasnodar”ın öz yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
162
50
arena.az

10Mənbələr