AZ

Kilian Mbappe siyasətə girişdi, çağırış etdi

Fransa yığmasının kapitanı, ulduz hücumçu Kilian Mbappe ölkəsinin vətəndaşlarını parlament seçkilərinə gəlməyə səsləyib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı ulduzun bu barədə çağırışını təqdim edir:

“Bu, həqiqətən təcilidir. Səsverməyə getmək həmişəkindən daha vacibdir. Biz ölkəni bu insanların əlində qoya bilmərik. Nəticələri gördük, onlar fəlakətlidir”.

Fransada ölkə parlamentinə seçkilərin 1-ci turu keçirilib və bu turda hazırkı hökumətin əleyhdarları – Marin Le Penin partiyası qalib gəlib.

Mbappe daha əvvəl Fransa vətəndaşlarını seçkilərdə Le Penin rəhbərlik etdiyi partiyanın əleyhinə səs verməyə çağırmışdı.

Öz növbəsində müstəqil mətbuat bu səviyyədə bir futbolçunun bunca canfəşanlığının kənaradan heç də yaxşı təsir bağışlamadığı qənaətindədir. Müstəqil təhlilçilər siyasətə girişmiş Mbappenin siyasətçilərin əlində bir alət kimi əyani vəsaitə çevrildiyini vurğulayır, bunun futbolçunun simasına xələl gətirəcəyini təxmin edirlər.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 82 oyun keçirib, 48 qol vurub və 34 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
7
arena.az

10Mənbələr