AZ

Harri Keyn Bundesliqanın 60 illik rekordunu qırdı

Bundesliqanın 28-ci turunda “Haydenhaym”la səfər oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Almaniya nəhənginin 2:3 hesablı məğlubiyyətinə rəğmən, Keyn bu oyunda qol vurmaqla, cari mövsümdə Bundesliqada çərçivəsində 32-ci qoluna imza atmış olub.

Beləliklə Keyn Bundesliqada debüt mövsümündə ən çox qol vurmuş oyunçu olmaqla, yarışın mütləq rekordunu müəyyənləşdirib.

31 qoldan ibarət əvvəlki rekord isə 1963/1964 mövsümündə – ilk Bundesliqa mövsümündə “Hamburq”un və Almaniya yığmasının keçmiş oyunçusu Uve Zeelere məxsus idi.

Bir mövsümdə ən çox qol rekordu isə “Bayern”in polşalı keçmiş mərkəz hücumçusu Robert Levandovskiyə məxsusdur. 2020/2021 mövsümündə Levandovski 41 qol vurmuşdu. Belə gedişlə Keyn bu rekordu da qırmağa iddialıdır.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 32 qolla Bundesliqanın cari mövsümünün ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Keyn Bundesliqanın ən səmərəli futbolçusudur.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla