AZ

Harri Keyn Bundesliqanın yeni rekordunu müəyyənləşdirdi

Bundesliqanın 26-cı turunda səfərdə “Darmştadt”a qarşı oyun “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, komandasının 5:2 hesablı qələbə qazandığı oyunda Keyn komandasının qollarından birinə imza atmaqla, Bundesliqanın yeni rekordunu müəyyənləşdirib.

Belə ki, ingilis hücumçu Bundesliqadakı debüt mövsümündə 31 qol vurmuş ilk futbolçu kimi adını alman futbolunun tarixinə yazıb.

Həmçinin bu qol Keynin şəxsi rekordu kimi əlamətdar olub. 31 qol Keynin milli çempionatlarda çıxışı müddətində ən yüksək məhsuldarlığıdır. Buna qədər ingilis hücumçu “Tottenhem”də çıxışı müddətində iki mövsüm, hər birində 30 qol vurmuşdu.

Hazırda 31 qolla Keyn Bundesliqanın ən sərrast futbolçusudur.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 37 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
115
7
Mənbələr
Şərh ()
Bağla