AZ

Harri Keyn zədələnib - Təfərrüatlar məlum oldu

Bundesliqanın 26-cı turunda “Darmştadt”a qarşı oyunda (5:2) “Bayern”in zədələnmiş ingilis hücumçusu Harri Keyn haqda təfərrüat məlum olub.

Arena.az məlumat verir ki, “Bayern”in idman direktoru Kristof Froynd Keynin yoldaşlıq oyunlarında iştirak etmək üçün İngiltərə yığmasının düşərgəsinə yollanacağını bildirib.

Xatırladaq ki, “Darmştadt”la oyunda Keynin topuğu burxulub.

“O, İngiltərədə müayinə ediləcək. Orada etibar ediləcək həkimlər var. Bu məsələdə sıx əməkdaşlıq edəcəyik. Harri heç bir risk etməyəcək”, – Almaniyanın nüfuzlu “Bild” nəşri Froynddan sitat gətirir.

Xatırladaq ki, İngiltərə yığması martın 23-də Braziliya millisi, martın 26-da isə Belçika yığması ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 37 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 31 qolla Bundesliqanın cari mövsümünün ən sərrast futbolçusudur.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
84
7
Mənbələr
Şərh ()
Bağla