AZ

Ozan Can Kökçü bu mövsüm 10-cu qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 31-ci turu çərçivəsində keçirilmiş “Utrext”ın gənclərdən ibarət komandası ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” evdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Ozan Can bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Ozan vurub. O, 11-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Kökçü bu oyunda fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb. Onun hesabında 2 məhsuldar ötürmə də var.

Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” 10 oyundan sonra 3 xala sevinib. Komanda son oyunlarında 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülmüşdü. “Eyndhoven” cari mövsümdə qazandığı 37 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 69 oyuna çıxıb, 16 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
4
arena.az

10Mənbələr