AZ

Psixoloq zərərli internet oyunlarını müdafiə edir?- Gülşən Rüstəmovanın mövqeyi...

Image

Fatimə Hacıbəyli: “Problemin kökündə kömpüter oyunlarının yaratdığı fəsadlar dayanır və bu da cəmiyyətdə mənfi istiqamətdə özünü göstərir”

Son zamanlar insanların zərərli vərdişlərə daha çox  yiyələndiyi deyilir və bunu doğuran səbəblər müxtəlif platformalarda intensiv şəkildə   müzakirə olunur. Xüsusən də gənc nəslin davranışlarında biz bu xoşagəlməz məqamları müşahidə etməkdəyik. Əlbəttə, yeniyetmə və uşaqlar da bu məsələdə istisna deyil, onlar arasında da zərərli vərdişlərin izlərinə rast gəlmək mümkündür.

Əksər hallarda ekspertlərin çoxu hesab edir ki, bu zərərli vərdişlərin yaranmasında döyüş xarakterli, aqressiv ruhlu kompüter oyunlarının xüsusi “rolu” var. Uşaqdan böyüyə kompüter oyunları insanları sanki “əsir” götürüb, onların beyinlərinə müdaxilə edir. Məsələn, kilinik psixoloq Gülşən Paşayeva deyib ki, müəyyən insan tipləri var ki, internet oyunları olmasa belə daha zərərli vərdişlərdən asılı hala gələ, özünə və ətrafına daha çox ziyan vura bilər:“İnsan internet oyunlarına həddindən çox maraq göstərirsə, deməli onun psixologiyasında meylləri fərqlidir. Bilmək lazımdır ki, bu insan niyə internet oyunlarının təlqin etdiyi davranışlara meyllənir, niyə həmin dalğada rahatlıq tapır. Deməli, onun psixologiyasında nəsə var ki, onu internet oyunlarına, aqressiv davranışlara yönəldir, internetdə gördüklərini təkrarlamağa cəhd edir. Bunu ən yaxşı anlaya biləcək şəxslər valideynlər və ya uşaqların ən çox birlikdə vaxt keçirdikləri şəxslərdir. Onlar bilə bilər ki, uşaq nə ilə məşğul olur, vaxtının çoxunu nəyə sərf edir, internetdə nə ilə maraqlanır. Belə olan halda mütəxəssisə müraciət etmək lazımdır. Çünki bu insanda asılı şəxsiyyət tipi, asılı insan tipi formalaşa bilər. Belə insan internet oyunları olmasa belə daha zərərli vərdişlərdən asılı hala gələ, özünə və ətrafına daha çox ziyan vura bilər”.

Amma bu fikirlə elə də razılaşmaq olmur. Çünki kompüter oyunlarında elə aqressiya var, elə “hökmlər”, “göstərişlər” verilir ki, insan bəzən reallıqla virual aləmin sərhədlərini itirir. Təcrübədə belə nümunələr çoxdur. Xüsusən də gənclər və yeniyetmələr döyüş xarakterli aqressiv oyunların havasına düşüb cinayətlər törədiblər. Bir sıra oyunlar var ki, onlar dünya ölkələrində qadağan edilib. 

Bəzi ekspetlərin, daha doğrusu psxixoloqların iddiasından belə çıxır ki, insanın  psixologiyasında nəsə varsa, onu internet oyunlarına, aqressiv davranışlara yönəldir, internetdə gördüklərini təkrarlamağa cəhd etməyə vadar edir. Əslində, bu ciddi məsələdir və onun həm müzakirəsinə, həm də  onunla bağlı profilaktik tədbirlər görülməsinə ehtiyac var. Bir hal kütləvi xarakter alırsa, onu təkcə insan xarakteri ilə bağlamaq olmaz, burada təlqinedici vasitəni də yaddan çıxarmaq olmaz. İnsan niyə aqressiv olur? Bu cür oyunların, sosial şəbəkələrdəki təbliğatların təsiri, təbii ki, insan xarakterində oturuşa bilir. Təəssüflər olsun ki, bir sıra hallarda adını psixoloq qoyanlar problemin dərinliyinə varmaq istəmirlər, öz subyektiv fikirlərini cəmiyyətə ötürürlər. Tutalım, bir uşaq, hələ xarakteri   formalaşmamış bir məktəbli aqressiv döyüş oyunları oynayırsa, bu qeyri-ixtiyari olaraq onun şüuruna, psixologiyasına təsir edir, özü də ziyanlı təsir.  

“Yaxşı olardı ki, psixoloqlarımızın daha çox kompüter oyunlarının ziyanları barədə ciddi təlimatları, çıxışları olsun” 

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, indi aqressiv ruhlu, xüsusi taktika ilə yaradılmış oyunlara nəinki uşaqlar və gənclər, eləcə də orta yaşlı insanlar meyl edirl. İnsanların uzun müddət bu oyunların təsirindən çıxa bilmədiyini deyən F.Hacıbəyli qeyd etdi ki, kompüter oyunları uşaqlara birbaşa psixi təsir edir. “Bu, uşaqlara da, böyüklərə psixi təsir edir. Müşahidə etdiyimiz odur ki, bəzən insanların bütün iş-güclərini buraxıb kompüter oyunları oynadıqlarını görürsən. Elə aludə olurlar ki, oyundan ayrılmaq istəmirlər, oyundan ayırmaq istəyəndə isə çox aqressiv münasibətlə qarşılaşırsan. Biz bunu məktəbdə də görürük. Bəzi kompüter oyunları var ki, insanları aqressiv edir. Hesab edirəm ki, bir sıra internet oyunlarının yaratdığı bəlaları hər birimiz dərindən dərk etməliyik. Problemin kökündə kömpüter oyunlarının yaratdığı fəsadlar dayanır və  bu da cəmiyyətdə mənfi istiqamətdə özünü göstərir. 

Bu günlərdə Türkiyədə baş verən hadisə də dünyaya bir siqnaldır ki, aqressiv kompüter oyunları nə kimi bəlalara səbəb olur . Türkiyənin Eskişehir şəhərində 18 yaşlı gənc “PUBG: Battlegrounds” oyunundan sonra küçədə insanlara hücum edib. O, evdən qoruyucu jilet və dəbilqə ilə çıxaraq oyunda baş verənləri təkrarlamağa başlayıb. Bıçaq və balta ilə insanlara xəsarət yetirib, nəticədə 5 nəfər yaralanıb.

Bu hadisə niyə yaranıb? Kompüter oyunlarının təsirindən. Ona görə də, kompüter oyunlarının insanların psixikasına təsir etməsi, onda zərərli vərdişlər yaratması gizlin deyil. Bu aqressiv oyunlar insanların həyatını, davranışını zəhərləyir. Yaxşı olardı ki, psixoloqlarımızın daha çox kompüter oyunlarının ziyanları barədə ciddi təlimatları, çıxışları olsun. Psixoloqlar insanlara çağırışlar etməlidirlər ki, qorxulu, aqressiv, döyüş xarakterli oyunlar oynamaqdan çəkinin. İnternet klublara nəzarət artırılmalıdır ki, əlaltından insanlara bu cür oyunlar təklif edilməsin”-deyə F.Hacıbəyli qeyd etdi. 

F.Hacıbəyli eyni zamanda qeyd etdi ki, kompüter oyunları içində uşaqların beynini işlədən, onlarda yaxşı davranışlar formalaşdıran oyunlar da var. “İnternet oyunlarını sevənlərin, maraqla oynayanların sayı gündən-günə çoxalır. Etiraf etmək lazımdır ki, müasir dövrümüzdə kompüter oyunları ədəbiyyat, rəsm və ya teatr kimi bəşər mədəniyyətinin bir hissəsinə çevrilib. İnternet oyunlarının vaxt itkisi və tamamilə zərərli bir fəaliyyət olması fikri insanlar arasında geniş yayılsa da, bu, hamısına şamil edilməli deyil. İnternet oyunlarının faydalı tərəfləri kifayət qədərdir. İnternet oyunları diqqəti, müəyyən vəziyyətə sürətli reaksiyanı və tez qərar qəbul etmək bacarığını inkişaf etdirə bilər. Tapşırıqların strateji planlanmasını və həllini tələb edən oyunlar məntiqi təfəkkürün inkişafına və hadisələri təhlil etmək qabiliyyətinə kömək edir. Bəzi oyunlar yaddaşı məşq etdirir və yaradıcılıq qabiliyyətini formalaşdırır.   Bir çox oyunlar komanda işi və digər oyunçularla qarşılıqlı əlaqəni, o cümlədən liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirir. Oyunlar insanlara başqa dünyaya səyahət etmək imkanı yaratmaqla stressi azaltmağa və  problemlərdən uzaqlaşmağa kömək edə bilər. Rəqs, idman və ya virtual reallıq elementləri olan oyunlar fiziki aktivlik üçün motivasiya ola bilər.

Təbii ki, oyun  asılılığı ciddi xəstəlik və problemdir. İnternet oyunlarından asılı vəziyyətə düşməmək üçün ondan sağlam şəkildə istifadəni bilmək, oyun müddətini doğru müəyyən etməyi bacarmaq olduqca vacibdir. Çünki oyunlar faydalı olduğu qədər, mənfi nəticələrə də səbəb ola bilər.

Bir sözlə, xeyirli tərəfi varsa ziyanlı tərəfi də az deyil. 

Kompüter oyunları real həyatı əvəz etməməlidir. Vaxta nəzarət edib, oyunlara gündə 1 saatdan artıq vaxt sərf etmək olmaz. 

Valideynlər diqqətli olmalı, uşaqların kompüterdə nə qədər vaxt keçirdiyinə və hansı oyunları oynadıqlarına nəzarət etməlidirlər”-deyə F.Hacıbəyli vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
34
baki-xeber.com

10Mənbələr