AZ

Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?

 “Səhər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi gecələr ağız suyunun ifrazının kəskin azalmasıdır. Xoşagəlməz qoxunun birbaşa əmələ gəlmə səbəbindən asılı olmayaraq əsas səbəbi ağız suyunun azlığı,yetməzliyidir.              İnsanın ağız boşluğunda milyonlarla bakteriyalar yaşayır ki, onlar da ağızda ilişib qalmış qida qalıqlarının tərkibində olan zülal ilə qidalanır. Onlar da öz növbəsində kəskin qoxulu (üfunətli) qazlar xaric edir. Ən çox tanınan kükürd ( lax yumurta qoxusu) və metilmerkaptandır (zibillik qoxusu)”.
 
Bunu Moderator.az-a Ağızdan gələn xoşagəlməz qoxunun ancaq mədədən qaynaqlanması ilə bağlı açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb:
 
 
“Ağız boşluğunda olan bakteriyalar havasız şəraitdə artıb çoxalırlar.
 Ağız suyunun tərkibində oksigen bol olduğu üçün bakteriyaların artıb çoxalmasının qarşısını alır. 
   Ünsiyyət zamanı narahatlığa səbəb olan xoşagəlməz ağız qoxusu daha çox ağız suyunun ifrazı azalanda yaranır. Məsələn gecə yuxuda ikən. Bu səbəbdən də səhər oyanarkən ağızdan gələn xoşagəlməz qoxu hər kəsə tanışdır. Həyəcan, aclıq ,uzun zaman davam edən monoloq, ağızdan nəfəs almaq-bütün bunlar ağız boşluğunun qurumasına,ağızda xoşagəlməz qoxuya səbəb olur. 
Ağızdan gələn xoşagəlməz qoxunun səbəblərindən biri də hələ tam olaraq araşdırılmasa da stressdir.
   Yaşla əlaqədar olaraq da ağız suyunun ifrazı azalır. Bu səbəbdən də yenidoğulmuş, körpə uşaqlarda ağız qoxusu daha təravətli olur və ağız boşluğunda bakteriyaların miqdarı kifayət qədər az olur. Yaşlılarda isə əksinə ağız boşluğunda bakteriyaların miqdarı çox olur.
   Yaxın dövrlərə qədər belə bir fikir vardı ki, əgər ağızdan gələn xoşagəlməz qoxunun səbəbi tam olaraq məlum deyilsə, o zaman qoxunun səbəbi diş ətinin iltihabı-periodontitdir. Dişlərin üzərinə çökən ərp dişin və dişətinin qidalanmasını pozur, oksigen azlığı yaranır və bu mühitdə anaerob bakteriyalar (çoxalması üçün oksigenə ehtiyacı olmayan) artıb çoxalır,nəticədə dişəti xəstəlikləri və pis qoxu yaranır. 
   Bakteriyalar ağız boşluğunda dilin üst səthindəki mikroskopik məməciklərdə ərp ilə selikli qişanın arasında artıb çoxalırlar. Dişləri adi qaydada yuyarkən bu koloniyanı təmizləmək mümkün deyil. Dilin məməcikləri üzəri tüklü xalçaya bənzəyir və ən dərinliyinə qədər təmizləmək lazımdır. Təmiz dil çəhrayı rəngdə olur. Ağ ərp orada milyonlarla bakteriyaların olduğunu bildirir. 
  Səhərlər ağızdan gələn xoşagəlməz qoxunu yox etmək üçün dişləri fırçalamaq, bu zaman təkcə dişləri deyil, eyni zamanda dilin üzərini, damağı və yanaqların iç səthini də təmizləmək lazımdır. Bundan başqa ağızda qida qalıqları qalarsa,diş çöpündən istifadə etmək də məqsədəuyğundur. Ağız suyunun azlığından əziyyət çəkən şəxslər daima yanında su, saqqız, sovurma konfet və s. saxlamalıdırlar. Limonlu su ağız suyu vəzisini qıcıqlandıraraq daha çox işləməsinə,ağız suyu ifrazının artmasına səbəb olur. 
Ağız boşluğunu yaxalamaq o qədər də effektiv metod sayılmır, çünki bakteriyalar diş ərpi və selikli qişa arasında sanki qorunurlar .Bu səbəbdən aptekdə adətən tərkibində spirt olan məhlullar deyil, xlorheksidin tərkibli məhlullar məsləhət görülür. Çünki spirt ağız suyunu qurudur və nəticədə qoxu daha da artmış olur. 
Ağız qoxusu ilə mübarizədə ən ucuz və effektiv vasitə duzun suda hipertonik məhluludur (1 stəkan suya 1xörək qaşığı duz). Hər istifadə zamanı hipertonik məhlul yeni hazırlanmalıdır. İstifadəsi zamanı hipertonik məhlul selikli qişanı təmizləyir,şişkinlik və iltihabı azaldır,bakteriyaların artıb-çoxalmasının qarşısını alır, badamcıqların lokunalarına daxil olaraq eyni prosesi orda da yerinə yetirir. 
Bəzi qidaların,məsələn sarımsağın ağızda qoxu yaratdığını çoxları bilir,lakin çox az adam bilir ki bu qoxunun yaranması üçün sarımsağı yemək vacib deyil. Məsələn sarımsağı pəncə nahiyyəsinə sürtəndə dəri məsamələrindən orqanizmə daxil olaraq qana keçir,qan vasitəsilə ağciyərlərə gəlir və ağızdan tənəffüs zamanı hava ilə qarşıdakı insana ötürülür, sanki ağızdan sarımsaq qoxusu gəlir kimi effekt yaranır”.
 
Həkim, onu da qeyd etdi ki, ağızdakı qoxunun yaranmağının bir çox səbəbləri ola bilər. 
 
“Ağızda quruluq hər hansı xəstəliyin əlaməti ola bilər. Odur ki ağız qoxusu ilə mübarizədə qoxunu yaradan səbəb araşdırılmalıdır.   Məsələn diafraqmal yırtıq zamanı mədə diafraqmadan döş qəfəsinə ..sıxılır.., mədə möhtəviyyatı qida borusuna atılır və bu zaman ağızdan qəbul olunmuş qidanın qoxusu gəlir. 
Tənəffüs yollarının infeksiyaları da öz növbəsində ağızdan gələn xoşagəlməz qoxuya səbəb olur. Burun tənəffüsü mümkün olmadığı üçün ağızdan nəfəs alındığı zaman ağız boşluğunda bakteriyaların çoxalması üçün münbit şərait yaranır. Bu səbəbdən həkim müayinəsi  mütləqdir. 
Bundan başqa bəzi dərman preparatları (allergiya əleyhinə, sidikqovucu, antidepressant, sakitləşdirici və hipertoniya xəstəliyi zamanı istifadə olunan dərmanlar) ağız suyu ifrazını azaldır. Pəhriz saxlayan şəxslərdə də ağız qoxusu qaçılmazdır. Buna səbəb ağızda olan quruluq və yağların parçalanması nəticəsində əmələ gələn asetondur. Pəhriz saxlayan şəxslər xüsusilə ağız boşluğu gigiyenasına diqqət etməli və mümkün qədər bol maye qəbul etməlidir. 
Bəzi qadınlarda menstruasiya öncəsi ağızdan xoşagəlməz qoxu hiss olunur. Səbəb olaraq hormonal dəyişikliklər göstərilir.
Hekiminizde muayine olunun ve daima saglam qalın”.
 
Vüsalə İbrahimli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
45
moderator.az

10Mənbələr