AZ

Konte “Napoli”yə təyin olundu - o, bu komandanı zirvəyə qaytara biləcək?

Antonio Konte məşqçilik karyerasındakı birillik fasiləyə son qoyub.

“Football-plus.az” xəbər verir ki, onun “Napoli”yə təyinatı rəsmən iyunun 5-də açıqlanıb. Sonuncu iş yeri 2021-23-cü illərdə çalışdırdığı “Tottenhem” olan məşhur italyan mütəxəssis neapollularla üçillik müddətə razılığa gəlib. Bu məqamda 54 yaşlı Kontenin yeni komandadakı fəaliyyətinin necə effekt verə biləcəyi maraq doğurur.

Komandada çempion ruhuna ehtiyac duyulur
“Napoli” 2022/23 mövsümündə 33 illik fasilədən sonra İtaliya çempionu olarkən çoxları bu böyük uğrun davamının gəlib-gəlməyəcəyi haqda düşünürdü. Əlbəttə, tarixində yalnız 3-cü dəfə skudettoya sahib çıxan komanda üçün zirvədə qalmağın ora çıxmaqdan daha çətin olacağını düşünənlər heç də yanılmırdılar. Yenicə sona çatan mövsüm neapollular üçün fiasko ilə nəticələndi: komanda A seriyasını 10-cu yerdə başa vurmaqla avrokuboklardan kənarda qaldı!..

Sözsüz, uzun həsrətə son qoyulmasında müstəsna rol oynayan Luçano Spallettinin prezident Aurelio De Laurentis ilə fikir ayrılıqlarına görə baş məşqçi vəzifəsindən gedişinin “Napoli”ni çətinə salacağını ehtimal etmək olardı. Amma cənubluların böyük ölçüdə çempion olduqları heyətlə mövsümboyu o möhtəşəm komandanın miskin kölgəsini xatırladacağı ağlagəlməz idi. Bəzi məqamlarda bəxt də cənublulardan üz döndərdi. Məsələn, komanda oyun ərzində yaxaladığı qol imkanlarının çoxundan yararlana bilmədi. Daxili yarışlarda nəticələrin qeyri-sabit olması mövsümün üç baş məşqçi ilə yola verilməsinə səbəb oldu. Spallettinin yerinə təyinat alan fransalı Rudi Qarsiya, necə deyərlər, onun ayaqqabısını geysə də, italyan həmkarı kimi yeriyə bilmədi. De Laurentisin xilaskar gözü ilə baxdığı Valter Matsarri ilə Françesko Kaltsona isə onlara heç də yad olmayan komandanı böhrandan çıxarmağı bacarmadılar.
Əlbəttə, onları Konte ilə eyni kateqoriyaya aid etmək olmaz. Azı ona görə ki, o, indiyədək işlədiyi komandalarla çox sayda titul qazanıb. Bəzi komandaları B seriyasından A-ya çıxarıb. İtaliya yığmasının da sabiq baş məşqçisi olan mütəxəssis işlədiyi hər yerdə həm özünə, həm də oyunçulara qarşı çox tələbkar olmasıyla da tanınır. Məsələn, “Tottenhem”in premyer-liqada “Sauthempton” üzərində qələbəni əldən verdiyi oyundan sonra 11 futbolçunun “eqoist” olduğunu demişdi. İndi “Napoli”də işlər qaydasında deyil və belə vəziyyətə məhz Konte tipajında məşqçi lazımi reaksiya verə bilər. Neapolda ilk növbədə çempion ruhuna ehtiyac duyulur. Yeni titullu mütəxəssis komandaya oyun və psixoloji planlarda müsbət təsir edə bilər. Yəni əfsanəvi Dieqo Maradonanın adını daşıyan nəhəng stadionda çempionluq ab-havasının yenidən yaşanmaq ehtimalı var.

Konte Kvaratsxeliya ilə Osimhenlə işləyə biləcək?
Belə titulli mütəxəssisinin təyinatı bütün neapolluları ümidləndirməyə bilməz. Amma yerli mənbələrdə “Napoli”nin bir sıra aparıcı oyunçuları haqda yayılan məlumatlar narahatedicidi. Aydın məsələdi ki, Konte yeni komandada müəyyən tələblərə cavab verən futbolçularla birgə uğur qazana bilər. “Napoli” isə bəzi vacib üzvlərini itirmək təhlükəsi ilə üzləşib. Xviça Kvaratsxeliya hər keçən gün PSJ-yə bir qədər də yaxınlaşır. Rəhbərlik əvvəlcə gürcü vingeri hər hansı qiymətə satmağı düşünmürdü. Ona görə ki, qafqazlı hücumun sürətlənməsində böyük rola malikdi. Amma vaxt ötdükcə parislilərin təzyiqi də artır və neapollular güclü təzyiqə sona qədər davam gətirmək iqtidarında deyillər. Fransa nəhəngində Xviçaya artıq “Real”ın formasına qovuşan Kilian Mbappeyə layiqli xələf gözü ilə baxılır (baş məşqçi Luis Enrike də Kilianı cinahda oynadırdı). Pul problem deyil, üstəlik, deyilənə görə, Kvaratsxeliya da Parisə yollanmağa hazırdı. Qısası, bu məsələdə klubların qiymətlə bağlı razılığa gəlməsi qalır. Son xəbərlərə əsasən, İtaliya klubu 100 milyon avro tələb edir, PSJ isə Xviçaya görə 60 milyon avro ödəməyə hazırdı.

Daha bir potensial itki Viktor Osimhen ola bilər. O, çempionluq qazandığı mövsümdən sonra Neapolu tərk edə bilərdi. Rəhbərlik nigeriyalı hücumçunu onda çətinliklə də olsa komandada saxlaya bilmişdi. Hazırkı “Napoli” isə perspektivli deyil, yenicə qurulmağa çalışılan layihədi. Odu ki, Viktorun da bu yay transfer bazarına çıxarılmaq ehtimalı yüksəkdi. Yeri gəlmişkən, mayda “Çelsi”nin afrikalı üçün cəlbedici təkliflə çıxış edəcəyi haqda xəbər yayılmışdı. İndi London klubu başqa namizədlərə meyillənib. Bununla belə, Osimhen üçün yeni müştərilərin ortaya çıxacağı istisna edimir.
Hələ Xviça ilə Viktorun məsələsinə tam aydınlıq gəlməyib. Pyotr Zyelinskinin Neapoldan ayrılacağı isə bir neçə ay əvvəl açıqlanmışdı. Polşalı yarımmüdafiəçi azad agent kimi “İnter”ə qoşulacaq. Deməli, “Napoli” artıq mərkəz dairədə çox güclü ifaçısını itirib. Deyilənə görə, kapitan Covanni Di Lorentso da getmək istəyir. Amma Konte təcrübəli müdafiəçini fikrindən daşındıra bilər. Maraq üçün Covanninin xidmətində “İnter” ilə “Atletiko”nun maraqlı olduğunu da bildirək. Hücumçu Cakomo Raspadori isə “İnter” və “Yuventus”da qərar tuta bilər.

Taktiki dəyişiklik zəruri görünür
Əlbəttə, uğursuz keçsə də, son mövsümdə meydana çıxan komandanın özəyini təşkil edən oyunçular Konteyə çox lazım olacaq. Təcrübəli mütəxəssis taktiki yenilikləri əsasən mövcud oyunçularla həyata keçirməyi düşünür. Komandanın siması mütləq dəyişəcək. Bilindiyi kimi, yeni məşqçi üç mərkəz müdafiəçili sistemə üstünlük verir. Bu sistemdə isə cinah oyunçularının üzərinə böyük həcmdə iş düşür. Onlar Konteyə topu cinah boyunca irəli daşımaq üçün lazımdı.

Qeyd edək ki, ötən mövsüm komandada belə taktikaya üstünlük verən məşqçi olub. Matsarri bir dəfə üçmüdafiəçili sxemə keçidə cəhd etmiş, lakin bu sxemi komandanın əsas düzülüşü kimi seçməmişdi. Neapollular 3-5-2 və 3-4-3 sxemi ilə iki oyun keçirsələr də, lazımi qədər effektli ola bilməmişdilər. İlk sxemlə ölkə çempionatının “Latsio” (0:0) və “Milan” (0:1) ilə oyunlarında çıxış etmişdilər. Matsarri belə düzülüşlə rəqiblərin sürətli hücumlarının qarşısını almaq istəmişdi. Üç müdafiəçidən ibarət sxemdə Di Lorentsonun çox faydalı olduğunu da deməliyik. Amir Rrahmani və Juan Jezus ilə birgə “trio” təşkil edən kapitan uiversallığı ilə komandaya kifayət qədər qol və ya qol vəziyyətləri qazandırır.

Kontenin bir sıra gözlənilən itkilərin fonunda klubdan yüksək səviyyəli oyunçuların transferini tələb etməsi təbiidi. Yerli mənbələr onun Federiko Kyeza ilə Danilonu “Yuventus”dan Neapola gətirmək istədiyini qeyd edir. Kyeza Kvaratsxeliyanın yoxluğunu hiss etdirməyə, Danilo isə komandanın oyununa əlavə güc qata bilər. Rəhbərlik artıq Osimhenin də yerinə oyunçu axtarışını sürətləndirib. Yerli media “Jirona”nın formasında İspaniya çempionatında fenomenal mövsüm keçirən ukraynalı Artyom Dovbik (36 oyuna 24 qol), Kontenin başçılığı altında “İnter”də oynamış belçikalı Romelu Lukaku, “Alaves”in perspektivli forvardı Samuel Omorodion (34 oyuna 8 qol) və “Lill”in kanadalı bombardiri Conatan Devidin (34 oyuna 19 qol) Neapolda peyda ola biləcəyini xəbər verir. Göründüyü kimi, namizədlər yetərincədi, amma hücumçu seçimini mümkün qədər tezliklə etmək vacibdi.

İki qoçun başı bir qazanda necə qaynayacaq?
Bu məqamda ortaya çıxan və vurğulanası bir məsələ də var: De Laurentis ilə Konte birgə nə qədər işləyə bilər? Axı hər ikisi temperamentli, çılğın və əsəbidi. “Napoli”nin prezidenti özü-özlüyündə impulsiv funksionerdi. Bir il ərzində Spalletti kimi tarix yazan mütəxəssis və onun üç xələfi ilə vidalaşmaq kimi heç də kluba şöhrət gətirməyən faktı başqa necə izah etmək olar? Prezidentin qısa müddətdə şans verdiyi 62 yaşlı Matsarrinin komandada 2009-13-cü illərdə az-çox uğurlu fəaliyyəti ilə seçildiyini, 55 yaşlı Kaltsonanın isə Spalletti ilə Mauritsio Sarrinin dövründə köməkçi-məşqçi kimi çalışdığını yada salsaq, onlara qarşı edilən haqsızlığın dərəcəsini müəyyən etmək çətin deyil.

Gərək Konte De Laurentis ilə münasibətlərində bir qədər ehtiyatlı olsun. Ona görə ki, tələbkar olduğu üçün rəhbərlikdən tez-tez heyətin gücləndirilməsini istəyəcək. Razılıq olmasa, jurnalistlərin qarşısına çıxaraq toksik aktivə çevriləcək. Qarşılıqlı əlaqə şəraitində işləsələr, Kontedən gələcək xeyir klub rəhbərinin çatışmayan cəhətlərini ört-basdır edə bilər.

Komandanın hazırkı vəziyyəti də, necə deyərlər, odun üstünə yağ töküldüyü mənzərəni xatırladır. Komandanın liderləri hardasa nəyisə düz etməsələr, yeni çalışdırıcı səsini daha da yüksəldəcək və tələbkarlıq dozasını bir qədər də artıracaq.

İstənilən halda De Laurentis doğru seçim edib. “Napoli”yə xarakterə malik, ambisiyalı və son mövsümdə pərən-pərən olan kollektivi bir araya yığmağı bacaran məşqçi lazımdı. Amma gərək De Laurentis də, hisslərini lazımi məqamlarda cilovlamağı bacarsın. Yoxsa, məşhur məsəldə deyildiyi kimi, iki qoçun başı bir qazanda qaynamayacaq...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
football-plus.az

10Mənbələr