AZ

Rusiya son 20 illik tarixində Türkiyəyə çox şeyə görə borcludur

Ukrayna ilə Rusiya arasında ilk sülh danışıqları da, məşhur “Taxıl anlaşması” da, rus və ukraynalı hərbi əsirlərin mübadiləsi də məhz rəsmi Ankaranın, özəlliklə də Rəcəb Tayyib Ərdoğanın uğurlu vasitəçiliyi sayəsində baş tutub.

Və budur, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsinin gerçəkləşdirilməsi ilə Türkiyə növbəti dəfə Rusiyaya misilsiz bir yaxşılıq etmiş oldu.

Aradan bir həftə keçməsinə baxmayaraq Türkiyənin vasitəçiliyi ilə baş tutan sözügedən məhbus mübadiləsi hələ də dünya gündəminin əsas mövzularından biri olaraq qalır.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) doğrudan da möhtəşəm bir vasitəçilik əməliyyatına imza atdı. Belə ki, əməliyyat MİT tərəfindən koordinasiya edilib.

Türkiyə kəşfiyyat xidməti ümumilikdə 7 ölkədə həbsxanada saxlanılan 26 nəfərin dəyişdirilməsinə yardımçı olub. “Razılaşmada bir tərəfdən Rusiya və Belarus, digər tərəfdən isə ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveç iştirak edib. Rusiyaya ekstradisiya edilən on nəfər arasında iki uşaq da var. On üç nəfər Almaniyaya, üç nəfər ABŞ-a göndərilib”, - deyə MİT dəqiqləşdirib.

Məhbusların mübadiləsinə dair danışıqlar bu ilin iyulunda Ankaranın vasitəçiliyi ilə aparılıb. Dünya mediası bu mübadilə sövdələşməsini “İkinci Dünya müharibəsinin bitməsindən bəri ən böyük sövdələşmə” adlandırıb.

Beləliklə, Türkiyə növbəti dəfə həm Rusiyaya, həm də Qərbə nümayiş etdirdi ki, beynəlxalq hüququn iflic olduğu və qlobal qarşıdurmanın gündən-günə gücləndiyi hazırkı kritik dönəmdə o, ən uğurlu vasitəçidir.

Co Bayden və Vladimir Putin sözügedən mübadilə-dəyişdirmə əməliyyatındakı uğurlu vasitəçiliyinə görə Türkiyə tərəfinə təşəkkür ediblər. Bəli, Türkiyə öz missiyasının öhdəsindən layiqincə gəldi. Hərçənd ki, indiki qlobal geosiyasi şərtlərdə vasitəçi olmaq zənn edildiyi qədər də asan iş deyil.

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
visiontv.az

10Mənbələr