AZ

Azərbaycanla Özbəkistan arasında əlaqələr yüksələn xətlə inkişaf edir ŞƏRH

Azərbaycan dövlətinin həyata keçirdiyi fəal diplomatiya və uğurlu xarici siyasət kursu nəticəsində dünyanın əksər dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu əməkdaşlıq nəticəsində ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində mövqeləri daha da möhkəmlənib. Bu gün Azərbaycanın istər Avropa, istər Asiya, istər Qərb, istərsə də, Şərqdə etibarlı tərəfdaşı, yüksək səviyyədə əməkdaşlıq qurduğu ölkələr var. Eyni zamanda dünyanın bir çox ölkələri də Azərbaycana Cənubi Qafqazda etibarlı tərəfdaş, strateji cəhətdən müttəfiq ölkə kimi baxır, regionda daha çox rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələr qurmaq, bu əlaqələri hər ötən gün bir qədər də inkişaf etdirmək istiqamətində addımlar atır.

Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır. Özbəkistanla Azərbaycan arasında əlaqələrin günümüzdə yüksək səviyyədə olması təkcə bu iki dövlətin, iki xalqın eyni dinin və eyni kökün daşıyıcıları olması ilə bağlı deyil. Digər mühüm əlamətlər və bağlılıqlar da vardır ki, məhz həmin amillər bu gün Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olmasına imkan yaradır.

Münasibətlərin tarixi, İki ölkə arasında qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 23 avqustunda Özbəkistana rəsmi səfəri xüsusi qeyd olunmalıdır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü xarici siyasəti nəticəsidir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibət dərin köklərə söykənir. Bu müstəvidə Özbəkistan hakimiyyəti istər Qarabağ münaqişəsi zamanı və postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistan yeganə ölkələrdən biridir ki, Ermənistanda səfirlik açmayıb.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.

Şübhəsiz ki, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
sia.az

10Mənbələr