AZ

Yaxın Şərqdəki gərginlik regional eskalasiya yolunda: Böyük güclərin mövqeyi...

7 oktyabr 2023-cü il tarixindən bəri davam edən İsrail-HƏMAS toqquşmasının hazırkı fazasında yeni gərginlik meylləri müşahidə olunur. HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin İranda öldürülməsindən sonra Tehranın Təl-Əvivi suçlaması və cavab verəcəyi ilə bağlı hədələri şəraitində Livandakı Hizbullahla İsrail arasındakı qarşıdurma da öz pikinə çatmaqdadır.

 

Bu alovlanma onsuz da Yaxın Şərqdə gərgin olan vəziyyəti daha da gərginləşdirir və İsrail-Fələstin münaqişəsinin regional miqyasa yayılmasına zəmin hazırlayır. İsrail-Fələstin münaqişəsi uzun tarixə malikdir və bölgədəki gərginliklər regional eskalasiyaya risk yaratma potensialına malikdir. Bölgədəki digər dövlətlərin, xüsusilə ərəb ölkələrinin, İranın və digər aktorların maraqlarına və mövqeyinə təsir göstərən münaqişədən söhbət gedir.

 

Fərqli dövlətlərin münaqişəyə müxtəlif dərəcədə cəlb olunması ehtimalı var. Bəzən hərbi-texniki yardım və siyasi dəstək regionallaşma riskini daha da artırır. Ötən əsrin 40-cı illərinin sonunda alovlanan münaqişənin tarixində indiyə qədər Misir, Livan, İordaniya, Suriya, İraq kimi bölgə dövlətlərinin də iştirakı olan müharibələrin baş verdiyi sirr deyil.

 

 

Doğrudur, həmin dövrdə münaqişə İsrail-Fələstin kontekstində yox, yəhudi-ərəb kontekstində də dəyərləndirilirdi, lakin istənilən halda bu konfliktin regional eskalasiyaya çevrilməsi yolunda "tarixi təcrübə" də mövcuddur. Bu baxımdan hazırkı situasiyada bunun baş verməməsi üçün beynəlxalq miqyasda bir sıra işlərin görülməsi son dərəcə vacibdir.

 

ABŞ, Qətər və digər bir neçə ölkənin vasitəçiliyi ilə İsrail və Fələstin arasında danışıqların getdiyi məlumdur, amma hələlik bu danışıqların hansısa nəticələr verdiyi görünmür və Qəzza zolağında hərbi qarşıdurma tam sürətlə davam etməkdədir. Livandakı Hizbullah qruplaşmasının, habelə Tehranla əlaqəsi olan bir neçə proksi qrupların, hətta İranın özünün prosesə qoşulması Yaxın Şərqi daha da təhlükəli məcraya sürükləyə bilər. Münaqişənin eskalasiyası bölgədə humanitar böhranın daha da dərəlməsinə səbəb ola bilər.

 

Xüsusilə dinc əhali, mülki infrastruktur və xidmətlər daha çox zərər görə bilər. Mütəmadi olaraq artan gərginliklər, bölgədəki digər dövlətlərin daxili siyasi stabilliyinə mənfi təsir göstərə bilər. Məsələn, münaqişə ölkədaxili etirazlara, iqtisadi çətinliklərə və sosial narazılığa səbəb ola bilər. Bölgədəki münaqişələr iqtisadiyyatın ciddi şəkildə təsirlənməsinə səbəb ola bilər. Xarici sərmayələrin azalması, ticarət yollarının bağlanması və infrastrukturun dağıdılması bölgə iqtisadiyyatını zəiflədə bilər.

 

 

Bundan başqa, münaqişə davam etdikcə, radikal qrupların və ideologiyaların güclənməsi riski artır. Bu da regional və qlobal miqyasda ekstremist fəaliyyətlərin artmasına səbəb ola bilər. Bu, uzun müddətlisülh prosesinin nəticələrini daha da gecikdirə bilər. İsrail-Fələstin münaqişəsinin regional eskalasiyaya səbəb olub-olmayacağını proqnozlaşdırmaq çətindir, amma müxtəlif regional və beynəlxalq aktorların iştirakı münaqişənin daha geniş miqyasda təsirinə səbəb ola bilər.

 

Xüsusilə qeyd etmək lazımdır ki, Livan və İranın münaqişəyə cəlb olunması bölgədə daha geniş humanitar böhranın yaranmasına səbəb ola bilər. Bu, mülki əhali arasında daha çox itkilərə və qaçqın probleminin böyüməsinə gətirib çıxara bilər.

 

ABŞ, Rusiya, Çin və Avropa İttifaqı (Aİ) kimi regional və qlobal güclərin bu məsələyə münasibəti müxtəlifdir. Məsələn ABŞ İsrailin ən yaxın müttəfiqlərindən biridir. Vaşinqton İsrailin təhlükəsizlik ehtiyaclarını ön planda tutaraq mütəmadi olaraq İsrailin hüquqlarını müdafiə edir və İsrailə hərbi və iqtisadi yardım göstərir. ABŞ-ın beynəlxalq siyasətində İsrailə olan dəstəyi İsrail-Fələstin münaqişəsində Amerika siyasətinin mərkəzində dayanır. Bununla belə, ABŞ münaqişənin həllinə yönəlik müxtəlif sülh təşəbbüsləri təqdim edib.

 

 

Rusiya, İsrail və Fələstin arasında tarazlaşdırılmış bir diplomatik yanaşma sərgiləyir və münaqişənin müxtəlif periodlarında Moskva həm İsrailə, həm də Fələstinə reveranslar edir, lakin siyasi ritorikada münaqişənin dinc yolla və dialoq vasitəsilə həllinə çağırır. Rusiyanın bölgədəki təsirini artırmaq məqsədilə müxtəlif sülh təşəbbüsləri və görüşlər təşkil etdiyi məlumdur. 

 

Çinin mövqeyinə gəldikdə, rəsmi açıqlamalarda Pekin də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və tərəfləri dialoqa çağırır. Çin münaqişənin hər iki tərəfin maraqlarını nəzərə alan ədalətli bir həllə tərəfdar olduğunu bəyan edir. Şərqi Asiya nəhəngi Fələstinlə iqtisadi əlaqələrini genişləndirərək regionda təsirini artırmağa çalışır.

 

Avropa İttifaqı isə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə, iki dövlətli həll yoluna tərəfdardır. Aİ münaqişənin hər iki tərəfin maraqlarını təmin edən və 1967-ci il sərhədləri əsasında bir həllə çağırır. Brüssel Fələstinə iqtisadi və humanitar yardım göstərir və bölgədəki iqtisadi inkişafı dəstəkləyir. Eyni zamanda, Aİ münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlik təşəbbüsləri dəstəkləyir.

 

Aİ bölgədəki gərginliyin azaldılması üçün diplomatik həll yollarını təşviq edir. Yekunda vurğulanmalıdır ki, bu güclərin fərqli yanaşmaları İsrail-Fələstin münaqişəsinin beynəlxalq arenada necə müzakirə olunduğunu və bölgədəki siyasi dinamikaları necə formalaşdırdığını əks etdirir. Hər bir gücün yanaşması münaqişənin həllinə təsir edən fərqli strategiya və maraqlardan qaynaqlanır.

 

Modern Təhlil və Araşdırma Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
modern.az

10Mənbələr