AZ

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk birliyinin daha da güclənməsinə xidmət edəcək -ŞƏRH

Azərbaycan-Özbəkistan

Bakı, 26 avqust, AZƏRTAC

Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, 1992-ci ildən keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantıları Türk dünyasını müxtəlif sahələrdə təşkilatlandırırdı. Məsələn, 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması mədəni, 2008-ci ildə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) əsasının qoyulması isə siyasi təşkilatlanma istiqamətində ilkin addımlar sayıla bilər. Bu fəaliyyət davamlı hal alaraq 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Saziş (Naxçıvan Sazişi ) əsasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, qısaca Türk Şurası) yaradılmasına, bütün bunlar isə Türk Dövlətləri Təşkilatının formalaşmasına yol açdı. Beləliklə, məhz Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahid oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü ilin mayın 14-17-ni əhatə edən ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycanda vətəndaşların böyük əksəriyyəti, yəni, 83,6 faizi özünü Türk dövlətlərinə daha yaxın hiss etdiyini bildirmişdi.

“Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi leksikona gətirilən “Bir millət, iki dövlət” şüarını indi “Bir millət, yeddi dövlət” olaraq genişləndirmək Türk dünyasının müstəqil dövlətlərini vahid güc ətrafında birləşdirmək istiqamətində atılmış mühüm addım ola bilər. Bu, vaxtilə Türkiyə ilə Azərbaycan arasında yaradılan strateji birliyin və güclü bağların digər qardaş Türk dövlətlərini də əhatə edə biləcəyinə dair mesajdır. Burada dövlətimizin başçısının Daşkənd səfəri əsnasında Özbəkistanla Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında sazişi xüsusilə vurğulamaq yerinə düşər. 2021-ci il iyunun 15-də Şuşada bəyan olunan Türkiyə-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığı nümunəsində Prezident İlham Əliyevin Özbəkistana etdiyi səfər çərçivəsində avqustun 23-də imzalanan ikitərəfli Saziş müttəfiqliyin ali təsdiqi kimi tarixə düşdü. Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xəttlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə gələn il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edildi. Eyni zamanda, bu əməkdaşlıqda “Transxəzər” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin xüsusi rol oynadığı vurğulandı. Şəxsən düşünürəm ki, gələcəkdə Transxəzər enerji dəhlizinin yaradılması Türk dünyasının enerji siyasətinin vahid xətt üzrə birləşdirilməsində, Zəngəzur dəhlizinin yaradılması isə nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsində mühüm rol oynaya bilər. Həmçinin Özbəkistanın strateji sahələrində Azərbaycanın yatırım və əməkdaşlıq imkanlarının genişləndirilməsi müstəsna əhəmiyyət daşıyır. Məsələn, Fərqanə vadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir, civə, gümüş və digər təbii sərvətlərlə zəngindir, bu işdə ortaq əməkdaşlıq imkanları nəzərə alına bilər. Özbəkistan isə xüsusilə Qarabağın bərpasında və yenidən qurulmasında iştirakda maraqlıdır, bu, son görüş zamanı da vurğulandı. Bundan əlavə, qeyd edə bilərik ki, xalqlarımızın yaşadıqları tarixi hadisələrin oxşarlığı, bir-birinə əl tutması Azərbaycan ilə Özbəkistan arasında daha sıx bağlar formalaşdırıb. Onların da öz “Qarabağı”, öz “qatil Daşaksütyunları” və bütün bunların nəticəsində bu gün Ermənistanla minimum əlaqələri var, İrəvanda isə səfirlikləri belə yoxdur”, - deyə Ş.Cəlizadə vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi Türk dünyasını birləşdirən halqalardan birinin daha güüclənməsi deməkdir. Bu, həmçinin qlobal geosiyasi hadisələrin fonunda Türk milləti və dövlətləri üçün etibarlı qalaqurma strategiyasının icrası mahiyyəti daşıyır. Artıq Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vahid geosiyasi regiona çevrilməkdədir. Bu bölgədə baş verən proseslər burada yerləşən dövlətlərin bir-biri ilə daha sıx əməkdaşlığı və dostluğu, onların çiyin-çiyinə addımlaması zəminində hər biri üçün faydaya çevriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
azertag.az

10Mənbələr