AZ

“Təxminən 65 min kv.km ərazinin işğalı müqabilində bu qədər hərbçini itirməyə dəyərdimi?” - Siyasi şərhçi

“Rusiya-Ukrayna savaşında son 2 ay ərzində bir neçə yaşayış məntəqəsi rus ordusunun nəzarəti altına keçib. Ümumilikdə isə, bir çox etibarlı mənbənin məlumatına görə, savaş başlayandan 2024-cü ilin iyun ayına qədər təxminən 65 min kv.km ərazi Rusiya tərəfindən işğal olunub. Bəs bu ərazilərin tutulması müqabilində Rusiya ordusu nə qədər canlı qüvvə itirib?. Bu, hazırda ən mübahisə doğuran məsələlərdən biri kimi qiymətləndirilir. Çünki rus ordusunun itkiləri ilə bağlı təzadlı rəqəmlər səsləndirilir”.

Bu fikirləri Herbiand.az-a açıqlamasında siyasi şərhçi Elvin Baxşalızadə bildirib.

Onun fikrincə, real itkilər barədə danışmaq üçün beynəlxalq sferada fəaliyyət göstərən müstəqil media quruluşlarına nəzər yetirmək olar:

“Bu baxımdan “The Economist” nəşrinin məlumatı diqqət çəkir. Nəşrin məlumatına görə, müharibə başlayandan 2024-cü ilin iyun ayına qədər Rusiyanın ümumi itkisi minimum 462 min nəfərdir. Bu, ölən və yaralanan rusiyalı hərbçilərin ümumi sayıdır. Məlumatların əldə olunmasında ABŞ Müdafiə Nazirliyi, rəsmi və qeyri-rəsmi mənbələrdən əldə olunmuş informasiyalardan istifadə olunur. Fransız və britaniyalı bəzi nüfuzlu rəsmilər isə, 2024-cü ilin mayına qədər Rusiyanın savaşdakı ümumi itkilərinin ölü və yaralıların cəmi olmaqla 500 min nəfər civarında olduğunu qeyd edirlər”.

Siyasi şərhçi qeyd edib ki, Rusiyada fəaliyyət göstərən bəzi müstəqil media quruluşları da itkilər barədə məlumatlar tirajlayıb:

“Məsələn, “Meduza” xəbər agentliyinin məlumatına görə, savaş başlayandan 2024-cü ilin iyun ayının sonuna qədər ən azı 120 min rusiyalı hərbçi bu savaşda həlak olub. Amma yaralıların sayı haqqında məlumat verilmir. Beləliklə, bu iki nüfuzlu və etibarlı mətbu orqanın Rusiya ordusunun itkiləri haqda məlumatı həm də ortaya bir sual çıxarır. Təxminən 65 min kv.km ərazinin işğalı müqabilində bu qədər hərbçini itirməyə dəyərdimi?”

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
herbiand.az

10Mənbələr