AZ

“Real”: Mbappenin burun cərrahi əməliyyatına ehtiyacı yoxdur

“Real”ın tibb mütəxəssisləri “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin burun cərrahi əməliyyatına ehtiyac görməyiblər.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Fransalı hücumçu daha əvvəl aldığı burun sınığı ilə bağlı “Real”ın düşərgəsində əsaslı tibbi müayinədən keçib və tibb mütəxəssislərinin rəyinə əsasən, Mbappenin cərrahi müdaxiləyə ehtiyacı olmadığı haqda qənaət hasil edilib.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe meydana qoruyucu maska ilə çıxıraraq oynayırdı. Məhz bu səbəbdən ulduz futbolçunun tam gücü ilə oynaya bilmədiyi iddia edilirdi.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Mbappenin dünyanın ən bahalı 3 futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
7
arena.az

10Mənbələr