AZ

Kilian Mbappe “Real”ın məşhur fitnes məşqçisi ilə çalışacaq

“Real”ın yeni transferi Kilian Mbappe mövsümünöncəsi İspaniya klubunun məşhur fitnes məşqçisi Antonio Pintus ilə çalışacaq.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Pintus Mbappenin əvvəlki idaman formasına qayıtması üçün fransalı ulduz futbolçuya gərək olan “Kristiano Ronaldo üslubunda” fitnes proqram hazırlayıb.

Vurğulanır ki, “Real” rəhbərliyi ulduz hücumçunun AÇ-2024-dəki bərbad çıxışından qayğılıdır və Mbappenin yadırğamasından ciddi ehtiyatlanır.

Xatırladaq ki, iyunun 3-də “Real” Kilian Mbappe ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib. İyulun 16-da isə Mbappenin “Real”da rəsmi təqdimatı nəzərdə tutulub. Fransalı hücumçunun maaşının ildə 30 milyon avro məbləğində olacağı, vuracağı qollara görə isə əlavə üstəliklər alacağı barədə məlumat yayılıb. Mbappenin müqaviləsinə 1 milyard avro məbləğində təzminat maddəsi də daxildir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Mbappenin dünyanın ən bahalı 3 futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
8
arena.az

10Mənbələr