AZ

COP29-a Lemkin İnstitutunun “hücumu” - it və karvan məsəli...   

Ekspertlərin fikrincə ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi ABŞ-dakı erməni lobbisini  narahat edir

ABŞ-da fəaliyyət göstərən Lemkin İnstitutu Azərbaycana qarşı növbəti şərləmə kampaniyasına başlayıb. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 erməniləri ciddi narahat edib.

Yalançı soyqırım iddialarına söykənərək fəaliyyət göstərən Lemkin İnstitutu  BMT-ni COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərarını ləğv etməyə çağırıb. Bu barədə erməni mediası məlumat yayıb. Bu üzdəniraq təşkilat  BMT-nin COP29 (BMT-nin illik iqlim dəyişikliyi sammiti) tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarına qarşı olduğunu bəyan edib.  

COP29-un Azərbaycanda keçirilməsindən ABŞ-dakı erməni təşkilatları çox narahatdırlar, bu səbəbdən Bayden administrasiyasına və Konqresə yalan dolu müraciətlər göndərirlər. Amma müraciətləri, çağırışları heç bir təsir gücünə malik deyil, çünki dünya bu tədbirin əhəmiyyətini yaxşı başa düşür və qəbul edirlər ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edəcək. 

Azər

Azər Badamov

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COP 29 tədbirinin Azərbaycanda keçirilməsi düşmənlərimizi narahat etməyə başlaması təəccüblü deyil: “ Belə narahat olanlardan biri də ABŞ-da fəaliyyət göstərən ermənilərin idarə etdiyi Lemkin İnstitutudur. Lemkin İnstitutu Azərbaycanın dünya əhəmiyyətli bu tədbiri keçirməsinə mane olmaq məqsədilə COP29-a  Bakının evsahibliyinin təxirə salınması üçün  BMT-yə çağırış edib.  Bu, ermənilərin əsl iç üzünü açıb göstərir. Amma COP29 tədbirinin Azərbaycanda keçirilməsinin dayandırılması nə Lemkin İnstitutunun, nə də  digər erməni təşkilatların gücündədir. Çünki bütün dünya ölkələri, o cümlədən Ermənistanın özü də COP29 tədbirinin Azərbaycanda keçirilməsinə səs verərək həmrəylik nümayiş etdirib. O cümlədən, ABŞ dövləti də COP 29 tədbirini Azərbaycanda keçirilməsini alqışlayıb  və lazımı köməyin göstərilməsini təklif  edib. Belə ki, ABŞ prezidenti Baydenin dövlət başçımıza ünvanladığı iki məktubda COP29-la bağlı aydın fikirləri ifadə olunub”. 

Deputat əlavə edib ki, ölkəmiz COP29 tədbirinə çox yüksək səviyyədə hazırlaşır: “Hesab edirəm ki, keçirdiyimiz tədbirdən dünya birliyi məmnun qalacaqdır. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Düşmənlərimiz isə Azərbaycanda keçirilən COP29 tədbirin möhtəşəmliyini və dünya liderlərinin Bakıya gəlməsini görəndə mənəvi əzab çəkəcəklər və sarsılacaqlar. Onu da qeyd etmək istəyirəm ki, dünyada düşmənlərimizin sayı çox cüzidir. Qoy onlar öz fikirlərində qalsınlar. Amma Azərbaycan dünyaya açıqdır və çox ədalətli siyasət yürütməklə özünəməxsus yerə malik nüfuzlu və hörmətli ölkəyə çevrilib”.

Ermənistanın

İlyas Hüseynov 

Politoloq da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki,  COP29 tədbirinin Azərbaycanda keçirilməsi çox böyük bir hadisəyə səbəb olacaq: “BMT-nin illik iqlim dəyişikliyi sammitinin ölkəmizdə keçirilməsi məhz bu sahəyə qlobal diqqətin cəlb olunmasına gətirib çıxaracaq. Azərbaycanın mühüm siyasi dividendlər əldə etməsi, ölkəmizin beynəlxalq nüfuzunun, imicinin güclənməsi, ABŞ-da yaşayan erməniləri narahat edir. Bir müddət öncə Amerika konqresmenlərinin müraciəti ünvanlandıqdan sonra artıq Lemkin İnstitutu da hərəkətə keçib. Bu institut dəfələrlə ölkəmizə qarşı məkrli addımlar atıb və Lemkinin adından istifadə edərək qondarma erməni soyqırımının təbliğatı ilə məşğul olan Amerikanın qeyri hökumət təşkilatı hazırda COP 29-un ölkəmizdə keçirilməsindən ciddi narahatdır. Məlumdur ki, Azərbaycan təşkilatı işlərə diqqət ayırır, indidən dünyanın müxtəlif ölkə başçılarının bu tədbirdə iştirakı ilə bağlı razılığı əldə olunub və Azərbaycan bütün gücünü bu sahəyə səfərbər edib. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən bütünlükdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Ölkəmizdə bu sahədə çox sayda tədbirlər keçirilir və tədbirin ən önəmli hissəsi noyabr ayında icra olunacaq. Digər tərəfdən, ABŞ ilə Azərbaycan arasında olan ikitərəfli təmaslarda da COP29-a Vaşinqton tərəfindən siyasi və mənəvi dəstəyin verilməsinə dair müşahidələr edirik. Eyni zamanda Azərbaycanın müstəqillik günü ilə bağlı  Baydenin məktubunda da bu tədbirə dair məqamlar yer almışdı. Bakıda keçirilən enerji həftəsi çərçivəsində də Baydenin məktubunda COP 29, "yaşıl enerji", alternativ və bərpa olunan enerji sahəsinə ölkəmizin diqqət ayırması xüsusi vurğulanmalı məqamlardır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın üç vəzifəli rəsmisi ilə keçirdiyi görüşlərdə də məhz COP29 ilə bağlı ABŞ-ın bu tədbirə verdiyi önəm, əhəmiyyət, Bakıya dəstəyi ifadə olunub. Beləliklə, bu gün Bakı və Vaşinqton arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə qalxmasına səbəb ola biləcək COP29 tədbiri ABŞ-da yaşayan radikal düşüncəli erməniləri ciddi narahat edir. Onlar bilirlər ki, Azərbaycan digər tədbirlər kimi, bu tədbiri də yüksək səviyyədə icra edəcək. Bu həm də ardıcıl və sistemli şəkildə iqlim problemlərinə metodoloji yanaşmanı ehtiva edəcək və hər zaman Bakıda keçirilməsi planlaşdırılan tədbirə istinadlar olacaq və mühüm elmi müddəalar məhz Bakıdan dünyaya səslənəcək”. 

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
musavat.com

10Mənbələr