AZ

Bakı Enerji Həftəsi: sülhə və sabitliyə töhfə ŞƏRH

Dost və qardaş ölkələrin Azərbaycan Prezidentinə ünvanladığı təbriklər

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycanla qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 20 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb oldu. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.

Bütün sahələrdə uğurların müəllifi olan Azərbaycan beynəlxalq tədbirlərə də ev sahibliyi etməklə liderlik bacarığını nümayiş etdirir. Artıq Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib. Ölkəmizdə dünyanı daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların keçirilməsi Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Bildiyimiz kimi, bu gün paytaxtımız regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri. Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb.

Bakı Enerji Həftəsi dünya ölkələri ilə sıx əməkdaşlığı, dialoqu gücləndirir, eyni zamanda, daha dayanıqlı enerji gələcəyini təmin etməyə kömək edir. Enerji təhlükəsizliyinə nail olmaq hər bir ölkənin qarşısında duran böyük məqsəddir. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bu gün bütün dünyanın nəzəri yenidən Bakıdadır. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublar bunun təzahürüdür.

"AZƏRBAYCAN XÜSUSİLƏ AVROPADA QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNİN MÜHÜM SÜTUNU OLARAQ QALIR"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda "Şadam ki, Azərbaycanın qlobal enerji məkanında transformasiyaya yol açan rolunu nümayiş etdirən Bakı Enerji Həftəsinə yenidən ev sahibliyi edirsiniz", - deyə bildirib. Builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. "Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir" - deyə bildirib: "Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər".

Xatırladaq ki, Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var.

Bildiyimiz kimi, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradıldı. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. Dövlətlərarası diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndi. 1997-ci il 29 iyul tarixində Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətə malikdir. Daha sonra 2003-cü il 23-27 fevral tarixlərində Ulu Öndərin ABŞ-a işgüzar səfəri əməkdaşlığın davamlığını əks etdirir. Ulu Öndər Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.

Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir.

COP29 - ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ YENİ İMKANLAR

COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmətin təzahürüdür. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda, ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

"BİZ SÜLH VƏ FİRAVANLIĞIN TƏMİN EDİLMƏSİNİN ƏSAS PRİNSİPLƏR OLARAQ QƏBUL OLUNMASINI GƏLƏCƏK NƏSİLLƏRƏ BORCLUYUQ"

Amerika Birləşmiş Ştatlarının Prezidenti məktubunda regional sabitlik və əlaqələrin Birləşmiş Ştatlar üçün prioritet məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır: "Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq. Mən möhkəm ikitərəfli əlaqələrimizə yeni təkan vermək imkanını alqışlayıram və COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusundayam".

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.

BÖLGƏNİN VƏ AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ

Azərbaycana dost, qardaş olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı dövlət başçımıza ünvanladığı məktubunda "Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan bütün tədbirlərin müsbət nəticələrə yol açmasını diləyirəm. Bu mühüm tədbirin əməkdaşlığımızın dərinləşməsinə səbəb olmasını, bölgəmizdəki sülhə və sabitliyə töhfələr verməsini arzu edirəm" fikirləri yer alıb.

Can Azərbaycan ilə yaxın münasibətlərin bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü olduğunu bildirən Türkiyə Prezidenti qeyd edib ki, uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib: "Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq. Türk dünyası olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, təhlükəsizlik, hərbi, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrində olduğu kimi, enerji sahəsində də əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq və dərinləşdirmək arzusundayıq. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün önümüzdəki ay Can Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilməsindən məmnunluq duyduğumu da fürsətdən istifadə edərək bildirmək istəyirəm".

Tarixi "İpək yolu"nu relslər üzərində həyata keçirən Orta Dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işləri tamamlanaraq, yenidən tam fəaliyyətə başlaması ilə yükdaşımalarda təmin ediləcək altı dəfəlik qabiliyyət artımı regional nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyətə malik olduğunu bildirən Türkiyə Prezidenti məktubunda onu da bildirib ki, bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk: "Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edir, konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğumuzu xüsusi ifadə edirəm".

APARICI PEŞƏKARLARIN GÖRÜŞ YERİ

Regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas") sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən, "Caspian Oil&Gas" sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
sesqazeti.az

10Mənbələr