AZ

Bağırsaq sağlamlığı üçün necə qidalanmalıyıq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bağırsaqlarımız orqanizmimizin ikinci beyni adlanır". Bu sözləri SİA-ya açıqlamasında sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Məhsəti Hüseynova deyib.

O bildirib ki, immun sisteminin düzgün formalaşması, güclü olması və orqanizmin sağlam olması məhz bağırsaqlardan asılıdır: "Ona görə yaxşı olar ki, bağırsaq sağlamlığını təmin etmək üçün mütləq şəkildə gün ərzində 5-6 mövsümü tərəvəz, göyərtilərdən istifadə olunsun. Çünki bunlar lifli qidalardır. Bağırsaq hərəkətliliyini təmin edir və eyni zamanda da bağırsaqların hərəkətliliyini təmin etməklə qəbzlikdən əziyyət çəkən insanlara da kömək olur. Mütləq şəkildə tərəvəzlərin qəbulu önəmlidir. Buna mövsümü meyvələri də göstərə bilərik. Onların da qəbulu bağırsaq sağlamlığında mühüm rol oynayır.

Eyni zamanda bağırsaqlarda probiotik olan faydalı mikroorqanizmlər var ki, bunları təbii süd məhsullarından almaq olar. Buraya da əsasən qatığı, kefiri göstərə bilərik. Gündəlik, mütləq şəkildə xüsusilə də, axşam saatlarında qatığın qəbulu daha çox orqanizmə faydalı olur. Gün ərzində qəbul olunan qidaların həzmində, həm də bağırsaqların probiotiklə təmin olunmasında ən önəmli məsələlərdən biridir ki, axşam saatlarında 200-250 milli qram qatıq qəbul edilsin. Buna da diqqət yetirmək lazımdır".

"Suyun qəbulu bağırsaqlar üçün çox önəmlidir. Hər bir insan orqanizmi üçün bir kiloqram bədən çəkisinə görə 30 milli su hesablayaraq gündəlik su tələbatını ödəmək bağırsaqların sağlamlığında əsas rol oynayır. Xüsusilə, "tənbəl bağırsaq sindromu" olan insanlarda suyun qəbulu çox önəmlidir. Bəzən olur ki, xüsusilə, yeniyetməlik yaşlarında, eyni zamanda da gənclik dövrlərində düzgün miqdarda su, meyvə istifadə olunmur, bu, qəbzlikdən əziyyət çəksələr belə, gələcəkdə bağırsaq xərçəngindən tutmuş bir çox xəstəliklərə səbəb ola bilər. Ona görə yaxşı olar ki, əvvəldən bağırsaq sağlamlığının qayğısına qalmaq üçün düzgün şəkildə qidalanaq.

Həm də yaxşı olar ki, fast-food qidalardan, paketlənmiş rəf ömrü uzun olan qidalardan, ət və ət məhsullarından olan kolbasa və sosiskalardan mümkün qədər uzaq durulsun. Çünki onların tərkibində istifadə olunan kimyəvi qatqı maddələri və uzun müddət xarab olmasının qarşısını almaq üçün istifadə olunan kimyəvi maddələr bağırsaqlarda olan faydalı bakteriyalar, mikroorqanizmlərin ölməsinə səbəb olur. Bu da immun sisteminin çökməsinə gətirib çıxarır. Belə olduqda insanlar asanlıqla bütün xəstəliklərə rahat yoluxa bilir. Ona görə mütləq şəkildə bağırsaq sağlamlığına diqqət etmək üçün hər gün biz faydalı qidalardan düzgün miqdarda istifadə etməliyik", - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
11
sia.az

10Mənbələr