AZ

Fiziki və mənəvi sağlamlıq nədir və onu necə qazanmaq olar? – Mütəxəssis rəyi

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq gələcəkdə məhz böyüdüyü mühitdə öyrəndiklərini nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Eyni zamanda uşaqların fizki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən formalaşması da vacib şərtlərdən hesab olunur. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün valideynlərlə bərabər təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin də əməyi danılmazdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi dəyərlər müstəıvisində yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət kimi formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Təbii ki, dövlətin uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət və qayğı ilə yanaşması da danılmaz faktdır və bu istiqamətdə atılan bütün addımlar göz qabağındadır.

“Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq, bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkcə bu fikirlərinə nəzər yetirmək kifayətdir ki, dövlətin uşaq və gənclər siyasəti haqqında ümumi təəssürata malik olasan. Bəli, müstəqil dövlətimiz təşəkkül tapdığı gündən etibarən qarşıya qoyulan ən ümdə prioritetlərdən biri məhz fiziki və mənəvi cəhətdən sağlam gənc nəslin yetişdirilməsi olub. Sirr deyil ki, ölkə başçısı tərəfindən uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək məqsədilə uzun illər ərzində ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan “Öndə Gənclər” İctimai Birliyinin sədri Fərhad Abdulov bildirib ki, fiziki və mənəvi sağlamlıq uşaqların və gənclərin balanslı qidalanma, müntəzəm idman, düzgün yuxu, emosional dayanıqlıq və əxlaqi dəyərləri mənimsəməsidir.

“Bu, onların uzunmüddətli sağlamlığına, təhsil və karyera uğuruna, cəmiyyətə faydalı və məsuliyyətli fərdlər kimi yetişmələrinə kömək edir. Ümumi həyat keyfiyyətini artırmaq üçün bu sağlamlıq aspektlərinin inkişafı vacibdir. Bu məqsədlərə nail olmaq üçün, uşaqlar və gənclər balanslı qidalanmalı, müntəzəm idman etməli və kifayət qədər yuxu almalıdırlar. Dürüstlük, empatiya və əməkdaşlıq kimi əxlaqi dəyərləri öyrənməli, duyğularını tanıma və idarə etmə bacarıqlarını inkişaf etdirməlidirlər. Həmçinin, sağlamlıq təhsili və gigiyena qaydalarına riayət etməklə, sağlam həyat tərzini mənimsəməlidirlər. Bu tədbirlər gənclərin karyera inkişafına da konkret faydalar verir. Fiziki sağlamlıq daha çox enerji və diqqət gətirir, idman və düzgün qidalanma stresi azaldır. Emosional dayanıqlıq və əxlaqi dəyərlər iş mühitində daha yaxşı ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Nəticədə, bu gənclər daha uğurlu karyera quraraq, cəmiyyətə daha böyük töhfə verə bilirlər. Gənclər üçün ölkədə ictimai layihə və imkanların sayı getdikcə artmaqdadır. Bu layihələr əvvəlki nəsillərə əlçatan deyildi. Lakin belə bir imkanlar olmasına baxmayaraq, bəzən gənclər bu imkanlardan faydalana bilmir. Bu imkanlardan xəbərdar olmaq üçün, gənclər AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və NAYORA-nın sosial şəbəkələrini izləyə bilərlər. Bu qurumların səhifələrində layihələr və digər təşkilatlar haqqında məlumat tapa bilərlər. Bu platformları izləyən gənclər, mümkün olan ən çox imkanlardan faydalanacaqlar”.

Qeyd etməliyik ki, həm xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti dövlətimiz tərəfindən uğurla davam etdirilir, həm də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdə rolu getdikcə artır. Bir sözlə, müasir gənclik güclü, qüdrətli Azərbaycanın daha parlaq gələcəyinin əsas təminatıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
11
konkret.az

10Mənbələr