AZ

Neymar bu yay “Santos”a mümkün qayıdışı ilə bağlı sualı cavabladı

“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar yay transfer pəncərəsində doğma klubu “Santos”a mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, braziliyalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Heç bir imaknı yoxdur. Bu, axmaqlıqdır. “Əl-Hilal”la müqaviləmin bitməsinə daha bir il qalıb. Mən “Santos”u dəstəkləyirəm, bir gün qayıtmağı planlaşdırıram, amma hələlik bütün diqqətimi hazırkı klubuma yönəltmişəm. Ümidvaram ki, zədədən sonra əla mövsüm keçirəcəyəm”, deyə “Ney” bildirib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
64
50
arena.az

10Mənbələr