AZ

Osteoxondroz xəstələri necə müalicə olunmalıdır? -OXUYUN XƏBƏRİNİZ OLSUN!

Osteoxondroz olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Müasir dövrdə insanların az hərəkət etməsi, vaxtının çox hissəsini kompyuterin qarşısında və ya masa arxasında oturaraq keçirməsi bu xəstəliyin geniş yayılmasını şərait yaradır. Xəstəliyin mahiyyətini daha yaxsı anlamaq üçün bu sahə üzrə mütəxəssisə müraciət etdik. 

"İki sahil"in suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Fizioterapevt- osteopatı Könül Məmmədova cavablandırır:

- Osteoxondroz xəstəliyi nədir? 

- Osteoxondroz oynaqların degenerativ, distrofik xəstəliyidir. Adətən qan axınının zəifləməsi, itməsi səbəbindən oynaqlarda trofikanın pozulması nəticəsində yaranır. Oynaqlara paylanan yükün həcmində, miqdarında yanlışlıq olarsa, biomexanikanın pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində oynaqların zədələnməsinə səbəb olur. 

- Bəs, osteoxondroz hansı əlamətlərlə özünü büruzə verir? 

- Osteoxondroz ağrıların olması, ətraflarda keyimələrin, uyuşmaların olması, hərəkətin məhdudlaşması, qamətin pozulması, iş qabiliyyətinin itməsi kimi əlamətlərlə özünü büruzə verir. 

Çəkinizə nəzarət edin, aktiv həyat tərzi keçirin, düzgün və sağlam qidalanın, gündəlik maye qəbulunun çəkiyə uyğun 2-3 litrə çatdırın, yuxu rejiminə nəzarət edin

- Osteoxondrozun inkişafına hansı amillər təsir edir? 

- Oturaq iş, passiv həyat tərzi, ağır yüklərlə işləmək, onurğa sütununda olan əyriliklər, metabolik xəstəliklər, hormonal balansın pozulması, həddindən artıq aktiv idman, qamət pozulmaları, səhvən qəfil hərəkətlər, daxili orqanların xroniki xəstəlikləri, mərkəzi sinir sistemi xəstəlikləri, onurğa xəstəliklərinə genetik meyllik, stresə səbəb olan faktorlar, metabolik xəstəliklər bu patologiyanın inkişafına təsir edə bilər. Eyni zamanda,  artıq çəki, düzgün olmayan duruş, dayaq-hərəkət aparatının zədələnmələri kimi amillər dəbu xəstəliyin inkişafına təsir göstərir.

- Bu xəstəliyi tam müalicə etmək necə mümkündürmü? 

-Xəstəliyin müalicəsi uzun və mürəkkəb prosesdir. Xəstənin sağalması onun inkişaf dərəcəsindən, simptomatik mənzərənin şiddətindən asılıdır. Osteoxondrozun vaxtında müalicəsi bir çox daxili orqan və sistemlərin disfunksiyasına səbəb olacaq xoşa gəlməz ağrışmaların olmamasının açarıdır. 

-Hansı idman növü osteoxondrozun müalicəsində müsbət təsir edir ? 

- Osteoxondrozun müalicəsində müalicəvi idman mühüm rol oynayır. Belə ki, oynağa düşən yükün əsas hissəsini əzələ öz üzərinə götürdüyündən, əzələ gücünün bərpası vacibdir. Eyni zamanda, yoga, pilates, fitness, üzgüçülük də osteoxondrozun müalicəsində yaxşı nəticə verir 

- Osteoxondroz xəstəliyində hansı kompleks müalicəni tətbiq edirsiniz? 

- Osteoxondrozun müalicəsində fizioterapevtik amillərin rolu mühümdür. Bunlardan, elektrik, maqnit sahələri ilə təsir, interferent cərəyan növləri, səs dalğaları ilə təsir, müxtəlif vannalar, istilik müalicələri- naftalan, parafin, palçıq yaxmaları və xüsusi ilə kurort amilləri əsas yer tutur. 

- Pasiyentlərə nə tövsiyə edərdiniz? 

- Çəkiyə nəzarət olmalı, aktiv həyat tərzi keçirilməli, düzgün və sağlam qidalanma, gündəlik maye qəbulunun çəkiyə uyğun 2-3 litrə çatdırılması, stres faktorundan mümkün qədər uzaq qalmalı, yuxuya nəzarət olunmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
11
ikisahil.az

10Mənbələr