AZ

Erlinq Haland inanılmaz uğursuz silsilə nümayiş etdirir

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu, “qolçu vikinq” Erlinq Haland düçar olduğu uğursuz silsiləsini sürdürür.

Arena.az məlumat verir ki, Haland “şəhərlilər”in heyətində yarımfinal və final oyunları daxil olmaqla, son 9 oyunda heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qolçu vikinq” bu oyunlarda bir qol belə, vura bilməyib.

2023/2024-ci illər mövsümündə Haland İngiltərə Super Kubokunun final oyununda, UEFA Super Kubokunun finalında və İngiltərə Kubokunun finalında oynayıb və bu oyunlarda səmərəsizliyi ilə diqqət çəkib.

Əvvəlki, 2022/2023-cü illər mövsümündə Haland Çempionlar Liqasının yarımfinal mərhələsinin 2 oyunuda və yarışın finalında, həmçinin İngiltərə Super Kubokunun finalında, yarımfinalında və İngiltərə Kubokunun finalında çıxış edib. Bu oyunlarda da Haland heç bir məhsuldar fəaliyyət nümayiş etdirə bilməyib.

Maraqlıdır ki, buna rəğmən Haland “Mançester Siti”nin oyunçusu kimi 12 qolla 2022/2023 mövsümü Çempionlar Liqasının və 36 qolla həmin mövsüm İngiltərə Premyer Liqasının və həmçinin 27 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast futbolçusu olub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 98 oyun, 90 qol, 15 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Cari mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyuna 27 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
arena.az

10Mənbələr