AZ

Erlinq Haland Van Nistelroy və Endi Koulun nailiyyətini təkrarladı

Premyer Liqanın 33-cü turunda “Luton Taun”a qarşı ev oyunu (5:1) “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Haland bu oyunda qol vurmaqla, cari mövsümdə Premyer Liqadakı qollarının sayını 20-yə çatdırıb.

Beləliklə “qolçu vikinq” Premyer Liqa çərçivəsində “şəhərlilər”in heyətində özünün debüt və növbəti mövsümündə 20 və daha artıq qol vurmağı bacarıb. Müvafiq nəticə ilə Haland “Mançester Yunayted”in keçmiş hücumçuları – niderlandlı Rud van Nistelroy və ingiltərəli Endi Koulun nailiyyətini təkrarlayıb.

Haland müvafiq nəticəyə nail olmuş 3-cü futbolçu olub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 31 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 91 oyun, 83 qol, 15 məhsuldar ötürmə.

Norveçli hücumçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Seçilən
179
3
Mənbələr
Şərh ()
Bağla