AZ

Erlinq Haland ÇL matçında “Real”ın paltardəyişmə otağına gedib

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland ÇL-in 1/4 finalının ilk oyunu (3:3) sonrası “Real”ın paltardəyişmə otağında peyda olub.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Haland “qaymaqlılar”ın paltardəyişmə otağına “Real”ın xorvat mərkəz hücumçusu Luka Modriçin köynəyini almaq üçün gəlib.

Vurğulanır ki, şəxsi söhbətləri zamanı gənc Haland veteran Modriçi əfsanə adlandırıb.

Xatırladaq ki, “Mançester Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də Mançesterdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00 başlayacaq.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 30 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 90 oyun, 82 qol, 15 məhsuldar ötürmə.

Norveçli “qolçu vikinq” həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 19 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
3
arena.az

10Mənbələr