Premyer Liqanın 36-cı turunda “Vulverhemton”a qarşı oyun “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “şəhərlilər”in evdə 5:1 hesablı qələbə qazandığı bu oyunda “qolçu vikinq” komandasının qələbəsinə het-triklə töhfəsini verib.
Haland oyunun 12-ci, 35-ci və 45+3-cü dəqiqələrində fərqlənib.
Beləliklə, norveçli hücumçu “Mançester Yunayted”in keçmiş ingilis hücumçuları Endi Koul və Maykl Ouenin tarixi nailiyyətlərini təkrarlayaraq, İngiltərə Premyer Liqası oyunlarının birinci yarısında birdən çox het-trik etmiş 3-cü oyunçu olub.
Hazırda Haland vurduğu 25 qolla İngiltərə Premyer Liqasının ən sərrast futbolçusudur. Halandın ən yaxın izləyiciləri hərəyə 20 qol vurmuş futbolçular – “Nyukasl”in isveçli hücumçusu Aleksander İsak və “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmerdir.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 36 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 94 oyun, 88 qol, 15 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyuna 27 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.