AZ

Qeysəriyyə əməliyyatı zamanı körpənin beyninə qan sıza bilər? — Ginekoloq danışdı

Qeysəriyyədən sonra ən azı 2-3 il keçməlidir ki, qadının uşaqlığı da normaya düşsün, kəsilmiş yer də tamamilə sağalsın. Bu, birinci mənfi haldır, ikincisi isə qeysəriyyə əməliyyatı zamanı körpə birdən-birə havaya çıxdığı üçün beyninə qan sıza bilər.

Bu sözləri Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib.


Qeysəriyyə əməliyyatı zamanı körpənin beyninə qan sıza bilər?

Məsələ ilə bağlı Demokrat-a ginekoloq Rəşad Sultan danışıb. 

“Mənim şəxsi fərziyyəm belədir deyə, elm olmaz. İnsan nə qədər güclü alim və təcrübəli həkim olsa da  fərziyyə irəli sürməyə heç kim bizə ixtiyar verməyib. Müasir elm fərziyyələrlə, vəhlə olmur. Müasir elm çalışmaqla olur. Bu çalışmalar da göstərir ki, qeysəriyyə ilə doğulan uşaqlarda, normal doğulan uşaqlarla bir patalogiya istisna olmaqla, heç bir patalogiyaya rast gəlinmir. Normal doğuşda uşağın gedişində hipoksiya  ehtimalı olsa da  qeysəriyyədə bu ehtimal sıfıra yaxındır. Bu məsələni, faktı əldə rəhbər tutaraq, “qiymətli uşaq” deyilən bir anlayış var, yəni uzun müddətli sonsuzluqdan, suni mayalanma müalicəsindən sonra uşaq doğulursa, uşaq sıfır riskli doğulsun deyə, qeysəriyyə etdirilir.

İstisna olan patalogiya isə qeysəriyyədə daha çox rast gəlinir. Bu yeni doğulmuşların keçici təngnəfəslik sindromudur. Yəni bu proses maksimum bir gün davam edir. Bu isə çox yüngül bir patalogiyadır. Ölüm ehtimalı sıfıra yaxın olan bir durumdur”. 



Ginekoloq onu da bildirib ki, qeysəriyyə uşaq üçün sıfır riskli olsa da, bu o demək deyil ki, biz ancaq qeysəriyyəyə üstünlük verməliyik:

“Doğrudur, qeysəriyyə uşaq üçün nisbətən üstün durumdur, amma ana üçün çox böyük və mənfi riskləri var. Ananın xəstəxanada yatma müddəti uzanır, ana anesteziya alır, qızdırmalı olma ehtimalı, infeksiya ehtimalı artır və sonrakı doğuşlarda da bu ehtimallar çoxalır. Ona görə də bütün dünya ölkələrində və bizdə də qeysəriyyə ancaq göstərişlə olunmalıdır. Normal doğuşda ana və uşaq üçün risk yoxdursa, sadəcə “kefim belə istəyir” deyə qeysəriyyə etmək doğru deyil. Çünki qeysəriyyənin ana üçün riskləri olduqca çoxdur”.

Həkim həmçinin qeysəriyyələrin sayının niyə çoxaldığı məsələsinə də aydınlıq gətirib:

“Bəs, qeysəriyyə əməliyyatlarının olmasını tövsiyə etməsək də, niyə bu  qədər çoxalıb?  Bu gün ölkəmizdə nə qədər ki, istər özəl xəstəxana olsun, istərsə də dövlət, sənin xəstən, mənim xəstəm, sənin doğuşun, mənim doğuşum söhbəti varsa, mütləq burada qeysəriyyəyə meyl olacaq. Heç bir həkim 16-17 saatlıq doğuşun başında durmaq istəməyəcək. Və ya xəstə yaxınları zəng edib, hər dəqiqə “uşağımız niyə doğulmadı?”, “biz çox narahatıq”, “telefonu verin danışım”, hər əlinə telefon alan zəng etməyə başlayacaqsa, həkimlərdə qeysəriyyəyə daha çox üstünlük verəcəklər. Amma əksinə, bütün qaydalara riayət olunsa, belə halların sayı da azalacaq və normal doğumların sayı artacaq”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
46
demokrat.az

10Mənbələr