AZ

Neymar “Əl-Hilal”ın super kubok zəfərindən söz açdı

“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar Səudiyyə Ərəbistanı Super Kubokundakı qalibiyyəti haqda söz açaraq zarafatlaşıb.

Arena.az məlumat verir ki, Neymar özünün sosial şəbəkə hesabı üzərindən açdığı yayımında “Əl-Hilal”ın “Əl-İttihad” üzərində 4:1 hesablı qələbə ilə Səudiyyə Ərəbistanı Super Kubokunu qazanmasını belə şərh edib:

“Hər şey lap məktəbdəki kimidir: uşaqlar tapşırığı yerinə yetirirdilər, mən isə sadəcə qiymətlər alırdım”, deyə “Ney” zarafatlaşıb.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Seçilən
162
35
Mənbələr
Şərh ()
Bağla