AZ

Neymar “Santos”u almaq haqda düşünür

“Əl-Hilal”ın və Braziliya millisinin ulduz hücumçusu Neymar Braziliya nəhənglərindən olan “Santos”u almaq seçimini nəzərdən keçirir.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinin jurnalisti Mauro Betinqə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Neymar 130 milyon avro məbləğində borcu olan keçmiş klubuna kömək etmək istəyir. Neymarın atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirdiyi vurğulanır. “Santos”un keçmiş oyunçusu Neymar, 2021-ci ildə karyerasının əvvəlində oynadığı “Kruzeyro”nun səhmlərinin 90%-ni almış məşhur braziliyalı hücumçu Ronaldonun nümunəsini bəyənir.

Bundan əvvəl mətbuatda, Neymarın 2025-ci ildə futbolçu kimi “Santos”a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun böyüklərdən ibarət komandasında çıxış edib.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Seçilən
197
35
Mənbələr
Şərh ()
Bağla