EN

Azərbaycanda işləmiş almaniyalı funksioner: İspaniya millisi Avropa çempionu olacaq

Azərbaycanda

“Bu cür turnirlərin açılış oyunlarını taktiki duel də adlandırmaq olar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi işləmiş almaniyalı veteran futbolçu Bernhard Lippert ölkəsində bu gün start götürəcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.

2008-2020-ci illərdə AFFA-nın texniki direktoru vəzifəsində çalışmış mütəxəssis Avro-2024-ün açılış matçında üz-üzə gələcək Almaniya və Şotlandiya yığmalarının şanslarını dəyərləndirib. O, Bundestimin bu qarşılaşmada favorit olduğunu bildirib: “Hər iki komanda əlinə düşən bütün fürsətlərdən yararlanmağa çalışacaq. Biz turnirin ev sahibiyik və heyətimizdə fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Onlar öz potensialını meydanda göstərə bilsələr, rəqiblər üçün çox çətin olacaq”.

Azərbaycanın U-21 yığmasına da rəhbərlik etmiş 63 yaşlı B.Lippert Avropa çempionatının əsas favoritini də açıqlayıb: “Almaniya turnirin favoritlərindən biridir. Əlbəttə, qitə çempionatında iddialı komandalar var. Hesab edirəm ki, finalda Almaniya və İspaniya yığmaları qarşılaşacaq. Qalib isə ispanlar olacaq”.

O, Avropa çempionatında parlaya biləcək futbolçuların adlarını da çəkib: “Florian Virts ilə Camal Musiala bu turnirin gənc ulduzları olacaq. Lakin özlərini ən yüksək səviyyədə göstərən futbolçuların Kilin Mbappe və Kevin de Brüyne olacağını düşünürəm”.

Qeyd edək ki, Almaniya – Şotlandiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
114
50
xalqcebhesi.az

10Sources