AZ

Texnologiyanın qaranlıq üzü: “Deepfake” videolardan ehtiyatlı olun -AÇIQLAMA

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a bildirib ki, “deepfake” videoları 5-10 il əvvəl daha çox porno sektorda istifadə edilirdi:

“Son beş ildir ki, “deepfake” videoları daha çox biznez sahələrində insanları dələduz tələlərə çəkmək üçün istifadə edilir. Bir çox ölkələrdə, həmçinin də Azərbaycanda müxtəlif qurumlar və ölkə rəhbərləri adından “deepfake” videolardan istifadə olunur. Burada suni intellekt ilə video və səslərin saxtalaşdırılması hazırdakı texnoloji tərəqqi dövründə rahat bir vasitədir. Texnologiyanın inkişafının müsbət və mənfi tərəfləri var. Bu isə mənfi tərəflərdən biridir. Suni intellekt ilə emal edilən vizual və qeyri vizual olan bütün kontentlərin hər biri suni intellekt ilə yaradıldığını bəlli edə biləcək standartisiyadır. Hazırda bu standartlar hazırlanır. “Deepfake” saxtakarlıq üzərindən istifadə edilir. Dünyada belə bir alət yoxdur ki, həmin videoya baxan zaman bilək ki, bu “deepfake” ilə hazırlanıb. Vətəndaşlar bu sahədə maariflənməlidirlər. Biznes çağırışlar olan zaman həmin qurumun rəsmi saytlarından araşdırmaq lazımdır. İnsanlar sosial şəbəkələrdə təklif edilən linklərə daxil olub yönlənməməlidirlər”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə bildirib ki, artıq bu proses uzun müddətdir ki, davam edir:

“Mütəxəssis kimi bunun saxtakarlıq olduğunu bilirik. Ancaq sadə vətəndaş üçün çətin məsələdir. İctimai şəxslər və mütəxəssilər bu cür fırıldaqçıları tanıyırlar. Vətəndaşlar belə elanlara, çağırışlara getməmilidirlər. Əgər insanların  bu məsələlərə daxil olmaq fikirləri varsa, hərtərəfli öyrənib, araşdırmaq lazımdır. Məsələn “SOCAR” ın adından hər hansı bir xəbər yayımlanırsa, o zaman “SOCAR”ın qaynar xətti ilə əlaqə saxlayıb dəqiqləşdirmək lazımdır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
sherg.az

10Mənbələr