EN

Ueston Makkenni “Yuventus”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Amerika Birləşmiş Ştatları (ABŞ) yığmasının yarımmüdafiəçisi Ueston Makkenni “Yuventus”la yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Turin təmsilçisi Ueston Makkenninin sözləşməsinin müddətini bir il də uzadıb. Amerikalı yarımmüdafiəçinin yeni anlaşması 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti 2025-ci ilin 30 iyununda bitəcəkdi.

“Yuventus” Ueston Makkennini 2020-ci ilin sentyabr ayında Almaniyanın “Şalke” klubundan transfer edib. 25 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 134 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. “Yuventus” Makkennini 2023-cü ildə İngiltərənin “Lids” klubuna icarəyə də verib.

Ueston Makkenni ABŞ yığmasında 2017-ci ilin noyabr ayında debüt edib. O, millinin heyətində 56 oyuna 11 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Makkenni daha öncə ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Yuventus” digər mərkəz yarımmüdafiəçisi Hans Nikolussi Kavilyanı da “Venesiya”ya icarəyə verib. Yenidən A Seriyasına yüksəlmiş venesiyalılar 24 yaşlı italiyalı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər.

Hans Nikolussi Kavilya “Yuventus”un öz yetirməsidir. O, Turin klubunun əsas komandasının heyətində cəmi 13 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Yuventus” yetirməsini əvvəlki mövsümlərdə “Peruca”, “Parma”, “Südtirol” və “Salernitana” kimi klublara da icarəyə verib.

Hans Nikolussi Kavilya İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
17
arena.az

10Sources