AZ

Özhan Pulat qovuldu, Rıza Çalımbay yeni baş məşqçi oldu

Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor” klubunun əsas komandasının baş məşqçisi Özhan Pulat istefaya göndərilib.

Arena.az bu barədə Hatay klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

39 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edən klub, gələcək karyerasında uğurlar arzulayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Hatayspor” Türkiyə Super Liqasında bu mövsüm keçirdiyi 4 oyunda cəmi 1 xal qazanıb və 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Özhan Pulat bu ilin may ayında “Hatayspor”un baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 8 oyuna çıxarıb, 2 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət görüb. Türkiyəli mütəxəssis “Hatayspor”dan öncə “Adanaspor” və “Kastamonuspor”un da baş məşqçisi olub.

“Hatayspor”da Çalımbay dönəmi

Artıq “Hatayspor”un yeni baş məşqçisi də məlumdur. Komandaya bundan sonra Rıza Çalımbay rəhbərlik edəcək. 61 yaşlı mütəxəssislə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Rıza Çalımbayın sonuncu iş yeri “Beşiktaş” olub. Təcrübəli mütəxəssis 2023-cü ilin dekabr ayında İstanbul klubundan ayrılandan bəri işsiz idi.

Rıza Çalımbay vaxtilə “Beşiktaş”da köməkçi məşqçi kimi də çalışıb. Daha sonra o, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” və “Sivasspor” kimi komandalara rəhbərlik edib. Çalımbay 2021/2022 mövsümündə “Sivasspor”la Türkiyə Kubokunun qalibi olub.

“Hatayspor” Fransanın “Klermon” klubunun sağ vingeri Bilal Butobbanı da heyətinə qatıb. Transferin detalları açıqlanmasa da, 26 yaşlı futbolçu ilə 2 illik (2026-cı ilin 30 iyununadək) müqavilə imzalanıb.

Bilal Butobba Marsel “Olimpik”inin yetirməsidir. “Sevilya”, “Monpelye”, “Nyor” kimi klublarda da oynamış yarımmüdafiəçi, “Klermon”un heyətində 29 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Əslən Əlcəzairdən olan futbolçu Fransanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, bu yay “Hatayspor”dan ayrılan Didye Lamkel Zenin da yeni iş yeri müəyyənləşib. Kamerundan olan 27 yaşlı sol vinger Türkiyənin digər klubu “Sakaryaspor”a keçib və 1 illik müqaviləyə imza atıb. “Lill”, “Nyor”, “Antverpen”, “Dunayska Streda”, “Ximki”, “Mets”, “Kortreyk”, “Vidad” kimi klublarda da oynamış Lamkel Ze, “Hatayspor”da 16 oyuna 3 qol və 3 assistlə yadda qalıb. O, Kamerun yığmasında da 3 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
17
arena.az

10Mənbələr