AZ

Bu da “Zirə” üçün... Eh, necə də göz qamaşdırır!

“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Omoniya” kifayət qədər təcrübəyə və ad-sana malikdir.

Bu komanda nə “DAC 1904”dür, nə də “Osiyek”.

Ölkə daxili yarışlarda və Avropa arenalarında kifayət qədər uğur qazanıb, böyük təcrübə toplayıb.

76 yaşlı “ağ-yaşıllar” 21 qat Kipr çempionudur. 18 dəfə ölkə kubokunu qazanıb, 17 dəfə Superkuboku başı üzərinə qaldırmaqla ölkədə mütləq rekorda imza atıb.

Avrokuboklardakı zəngin təcrübə rəqəmlərdə özünü göstərir. “Zirə”nin rəqibi Çempionlar Liqasında 55, UEFA kubokunda (indiki adı Avropa Liqası) 90, Konfrans Liqasında 14, Kuboklar Kubokunda 12 oyun keçirib ki, ümumi matç sayı 171-dir.

Bu görüşlərin 62-ni qələbə ilə başa vuran Nikosiya təmsilçisi 78 dəfə uduzub. 32 duel isə heç-heçə başa çatıb. “Omoniya” vurduğu 227 qolun qarşılığında qapısından 272 top buraxıb.

2020-ci ildən bu yana 2 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının qrup mərhələsində çıxış edib.

Uzaq keçmişlə işimiz yoxdur. Son 10 ildə adlı-sanlı rəqiblərlə qarşılaşmalarda diqqətləri üzərinə çəkməyi bacarıb. PAOK, “Gent”, “Midtülland”, “Antverpen”i udub, “Mançester Yunayted” kimi nəhəngə 2:3, La Liqa təmsilçisi “Reas Sosyedad”a 1:2, Niderland brendi PSV-yə 1:2 hesabı ilə boyun əyib.

Yeri gəlmişkən, “Omoniya”nın yolu iki dəfə Azərbaycan təmsilçiləri ilə kəsişib. Bu, ilk dəfə 2021-22 mövsümündə Konframs Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparanda yaşanıb. Avropadakı qürurumuz səfərdə kiprliləri 4:1 hesabı ilə udub, Bakıdakı duel 2:2 hesabı ilə nəticələnib.

2023-24 mövsümündə isə eyni turnirdə bu dəfə “Qəbələ”ylə üz-üzə gəlib. Qəbələdəki drammatik oyun 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Kiprdə isə meydan sahibləri parlaq qələbə qazanıb – 4:1.

Ötən avrokubok mövsümündə Konfrans Liqasında “Qəbələ” səddini keçəndən sonra “Midtülland” onlara baş ağrısı yaradıb. Kiprlilər doğma meydanda 1:0 hesablı qələbəyə sevinsələr də, səfərdə 1:5 hesabı ilə darmadağın qaçılmaz olub.

Çempionatı 6-cı pillədə başa vuraraq bu dəfə də Konfrans Liqasında iştirak etmək imkanı qazanan “ağ-yaşıllar” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayıb. Burada Kutaisi “Torpedo”sunu meydana çıxmağa peşman edib – 3:1, 2:1.

2-ci mərhələdə “Sumqayıt”ı üstələyən “Fehervar”la münasibətə aydınlıq gətirilib ki, “Omoniya” sevinən tərəf olub – 2:0, 1:0.

Hazırda komandanın ən təhlükəli simaları 23 yaşlı hücumçu Andronikos Kokoullis, Ukrayna millisinin üzvü Roman Bezus, Braziliyalı U-20-sinin sabiq yarımmüdafiəçisi Edvando, Kapo-Verdedən olan vinger Villi Semedu, müdafiənin dirəyi sayılan Senu Kulibali kimi legionerlərdir.

Avqustun 22-də GSP stadionunda baş tutacaq ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
17
sportinfo.az

10Mənbələr