AZ

Santuşlu yığma üçün çətin sınaq - YENİLƏNİR

Bu gün Millətlər Liqasında 2024/25 mövsümünə start veriləcək.

Millimiz də ilk oyununu keçirəcək. C liqasında mübarizə aparacaq yığmanın rəqibi İsveçdi. Oyun “CBC Sport”da canlı yayınlanacaq.

Millətlər Liqası
qrup mərhələsi, 1-ci tur
Azərbaycan – İsveç

Hakimlər: BALAŞ BERKE, Ventsel Tot, Balaş Szert, Çaba Pinter.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.

Səbirsizliklə gözlənilən oyuna cəmi iki gün qaldı. Düzdü, futbol ictimaiyyəti millinin matçına maraq göstərmir. Baxmayaraq ki, yeni baş məşqçi Fernando Santuş yığmamızdakı karyerasında komandanı ilk rəsmi oyuna çıxaracaq. Bəs gözləntilər hansı yöndədi? Reallığa qalsa, yığmamıza olan ümidlər o qədər də böyük deyil. Baxmayaraq ki, heyətə ən keyfiyyətli yerli futbolçular çağrılıb. Əlbəttə, milliylə bağlı neqativ fikir səsləndirmək istəməzdik. Lakin xəyalpərvərliklə baş aldatmaq məqsədəuyğun görünmür. Portuqaliyalı mütəxəssisin dəvətliləri hələ klublarında özünü yaxşı tərəfdən göstərə bilməyib. Təəssüf ki, əsas ümid qaynağı olan usta futbolçularımız irəliləmək əvəzinə geriləyir. Amma vəziyyət Santuşun məsuliyyətini azaltmamalıdı. Axı o, məhz bu durumdan xilas yolu tapmaq üçün ölkəmizdədi.

Xatırlatmaq yerinə düşər ki, AFFA-nın baş məşqçidən Millətlər Liqasıyla bağlı ciddi tələbi yoxdu. Komanda meydana məhz qələbə uğrunda mübarizə aparmaq üçün çıxacaqsa, əksi də rəhbərlikdə hiddət doğurmayacaq. Ona görə ki, gözlər AÇ-2028-ə dikilib. Əlbəttə, bu böyükhesablı məğlubiyyətlərin və ya ənənəvi sonuncu yerlərin bəhanəsi üçün əsla zəmin olmamalıdı.

Bəs yığmaların Millətlər Liqasının perspektivlərindən yararlanaraq dünya çempionatına yollanmaq şansı nə qədərdi? Qeyd edək ki, hələ bu turnirin reqlamenti açıqlanmayıb. Hər an hər şey ola bilər. Belədə bütün komandalar iştirak etdiyi qruplarda azı ikinci yer uğrunda mübarizə aparacaq. Yəni oyunlar yetərincə gərgin keçəcək ki, ab-hava yarışa hazır olmayan millimizin nəticələrinə təsir edər bilər. Görünür, Santuş bu ehtimalı da göz önünə gətirib yığmamızı qısa müddətdə optimal vəziyyətə gətirməlidi. Bu yolda ilk maneə İsveçdi. Rəqibin istənilən cəhətdən təmsilçimizdən üstün olduğunu bilirik. Heyətdən Aleksandr İsak, Viktor Dyökereş, Deyan Kulusevski, Huqo Larson, İsak Hien kimi futbolçuların adlarını sadalamaq səviyyə fərqini anlamaq üçün kifayətdi. Amma bu millimizin mütləq uğursuzluğa düçar olacağını düşünməyə əsas vermir. AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən oyunu hələ unutmamışıq. Axı həmin matçda İsveçi elə “Tofiq Bəhramov”da darmadağın etmişdik (3:0). O başqa məsələ ki, skandinaviyalılar yığmamızdan qisas almaq eşqinə düşə bilər.

Belədə narahatedici məqam komandanın matça istənilən səviyyədə hazırlaşa bilməsi üçün yetərli vaxtının olmamasıdı. Hər halda, son söz meydanda deyiləcək. Görək, Santuşun Azərbaycan macəralarının startı necə olacaq?

Qeyd edək ki, yığma sentyabrın 8-də Koşitsedə Slovakiya ilə üz-üzə gələcək.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
17
football-plus.az

10Mənbələr