AZ

Bəxt üçün Kopenhagen, nəticə üçün Razqrad, ÇL üçün Bakı!

İmkansızları bacarmaq “Qarabağ”ın mayasındadı. Nə edəsən, “köhlən atlar”ın xamırı belə yoğrulub. Ya rəqibinin amansız cəlladına, ya da qurbana çevrilib “Qarabağ”...

Ağdam təmsilçisi tarixinin növbəti çətin imtahanında qəliz sualla qarşılaşıb: Çempionlar Liqasının qrup mərhələsi, yoxsa Avropa Liqasının? Əlbəttə, seçim bəllidi, lakin cavab meydanda veriləcək.
“Dinamo”nun ötən mövsüm yaşadıqlarından qismən xəbərdarıq. Ətraflı desək, “mavilər” Avropa Liqasının pley-offunun ilk matçında Praqa “Sparta”sına 3:1 hesabıyla qalib gəlsə də, cavab oyununda 1:4 hesabıyla uduzduğundan mübarizəni dayandırıb. Belə bədbəxtliklə növbəti üzləşmə Konfrans Liqasının 1/16 finalına təsadüf edir. Bu dəfə PAOK-u məğlub edən (2:0) komanda bu rəqiblə ikinci görüşdə darmadağın olur – 1:5. Qısası, zaqreblilər hər iki turnirlə acı məğlubiyyət üzündən vidalaşır. Bəs Çempionlar Liqası? Bəlkə indi sıra bu turnirdədi?

Maraqlıdı ki, matçdan əvvəl həm ölkəmizdə, həm də Xorvatiyada qəribə ab-hava hökm sürür. “Dinamo”nun 3:0 hesablı qələbəsi rəqibin arxayınlaşmasına imkan vermir. Zaqrebdə də çoxu Sergey Yakiroviçi və komandasını ehtiyatlı olmağa çağırır. “Qarabağ”ın sakitliyini vurğulayanlar “taleyi ilə barışıb” kimi yox, “fırtınaöncəsi səssizlik” kimi qiymətləndirir. Haqlıdılar. Və bunda, sadəcə, “köhlən atlar”ın ilk oyunda göstərdiyi performans yox, “Dinamo”nun üstünlüyü əldən verməyə meyilli komanda olması, “Qarabağ”ın isə “Ludoqorets”lə matçdakı geridönüşü də rol oynayır. Sergey Yakiroviçin özünün də bu məqamı vurğulaması, “Ludoqorets”lə matçda yaşananlar təkrarlana bilər” deməsi əbəs deyil.

Elə isə tarixi uğuru ikiyə qatlamağın tam zamanıdı. Bu gecə 2017-ci il avqustun 23-də yaşanan sevinci təkrar dadmaq mümkündü. O vaxt Danimarkadan (“Kopenhagen” – 1:0, 1:2 – red.) ötürülən xoşbəxtlik bu gün “Tofiq Bəhramov”dan bütün azərbaycanlıların qəlbinə yol tapa bilər.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
17
football-plus.az

10Mənbələr