AZ

Pomidor niyə ucuzlaşmır? - SƏBƏB

Yazını böyüt
Yazını kiçilt

Aqrar məhsulların mövsümü olmasına baxmayaraq, paytaxt bazarlarında xüsusilə pomidor və xiyarın qiyməti əl yandırır. Hər ilin avqustunda kiloqramı 50-60 qəpiyə satılan xiyar və pomidorun qiyməti hazırda 2 manat 80 və 3 manat 70 qəpik arasında dəyişir. Vətəndaşlar mövcud vəziyyətdən narazıdır və qiymətlərin bu qədər yüksək olmasını başadüşülən hesab etmirlər. Bəs, görəsən, sözügedən məhsulların mövsümdə baha qiymətə satılmasına səbəb nədir? Bunun ixracla əlaqəsi varmı?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli meyvə-tərəvəz qiymətlərindəki bahalığın səbəbini inhisarçılıqla əlaqələndirib. Onun sözlərinə görə, rayonlarda həmin məhsulları yetişdirən fermerlərin bazarlara birbaşa çıxışı yoxdur: “Böyük şəhərlərin bazarları da inhisarçıların ixtiyarındadır. Məsələn, rayondan bir maşın meyvə gətirən fermer Bakıdakı bazarların birində avtomobilini saxlayıb rahatlıqla məhsul sata bilməz. Bunun üçün müəyyən prosedurlardan keçmək lazımdır. Kifayət qədər yüksək məbləğdə ödəniş olunmalıdır. Həmçinin, yad satıcı burada ayrı-seçkiliyə məruz qalır. Bütün bunlar fermerin bazara girişini məhdudlaşdırır. Əslində, necə olmalıdır? Elə şərait yaradılmalıdır ki, Bakı şəhərinin ətrafında bir neçə topdan satış meyvə bazarı olsun. Həmin digər bazarlar da özünə müştəri cəlb etməlidir. Fermer bazara çatdığı dəqiqədə məhsulunu yerləşdirib satışa başlamalıdır. Belə olsa, qiymət fərqi təkcə yol xərci olar. Bu isə həm fermerə, həm də alıcılara sərfəli olar. Amma, çox təəssüf ki, Azərbaycanda bu imkanlar yoxdur”.

Ekspert bildirir ki, yay fəsli olmasına baxmayaraq, əlverişsiz hava şəraiti kənd təsərrüfatı sahəsində qıtlığa səbəb olub: “Digər məsələ isə bundan ibarətdir ki, əlverişsiz hava şəraiti üzündən meyvə-tərəvəzin məhsuldarlığı aşağı düşüb. Qıtlıq yaşanır. Belə olduğu təqdirdə, qiymətlərin düşəcəyini gözləmək absurddur. Vaxt var idi, ölkəmizdən tonlarla pomidor ixrac edilirdi. Ancaq indi pomidor mövsümü olmasına baxmayaraq, Azərbaycana bu məhsul idxal olunur. Yerli pomidorlar isə demək olar ki, xəstədir, yararsızdır. Həmçinin, məhsulun miqdarı da çox azdır”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, mövcud bahalaşma ixracın artması ilə əlaqəlidir: “Əsas səbəb ixracın artmasıdır. Məsələn, keçən il pomidor ixracatında azalma var idi, bu il isə ixracat artıb. Əsasən də Rusiya bazarlarına ixracatın artdığını görürük. Rəsmi rəqəmlər də bunu təsdiqləyir. Nəticə etibarilə ixracat artıqca daxili bazarda satış həcmləri azalır. İqtisadiyyatın qanuna görə bazardakı mal və məhsulun həcmi azalırsa, onun bahalaşması qaçılmaz olur. Odur ki, ixracatın artması Azərbaycanın daxili bazarında kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub”.

Kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmov isə bahalaşmanın ixracla heç bir əlaqəsinin olmadığını düşünür. Onun sözlərinə görə, Azərbaycan adambaşına 86 kiloqram pomidor istehsal edir: “Bunun adambaşına 20 kiloqramı ixrac edilir. 66 kiloqram isə daxildə istehlak edilir. Başqa sözlə, 860 min ton pomidor istehsal edirik, onun 200 min tonunu ixrac edirik, 660 min tonu isə daxili istehlaka yönəlir. Bu isə əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Adi bir misal çəkim. Qonşu Gürcüstan adambaşına 15 kiloqram pomidor istehsal edir. Bizdə olan rəqəmlər isə daha çoxdur. Başqa bir məqam da var. Azərbaycan Rusiya bazarlarına pomidor ixrac edirsə, əvəzində eyni məhsulu digər ölkələrdən idxal edir. Son bir neçə ayda Türkmənistandan Azərbaycan pomidor idxal edilir. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, bahalaşmanın idxalla əlaqələndirilməsi doğru deyil. Hava şəraitinin qeyri-sabit keçməsinin də pomidorun bahalaşmasına təsiri yoxdur”.

Ekspertin sözlərinə görə bazarda qiymətin yüksəlməsi monopoliya ilə bağlıdır: “Abşeronda çoxsaylı böyük təsərrüfatlar var. Onlar pomidor istehsalı ilə məşğuldurlar. Xüsusən istixana pomidoru həmin sahibkarların əlindədir. Onlar kartel sövdələşməsi edirlər. Bizdə qış mövsümündə pomidorun qiyməti 5-6 manat, hətta daha yuxarı təklif olunur. Amma qonşu Türkiyədə bundan 3 dəfə ucuzdur. Bizdə pomidor qışda 3 dollardan yüksək olduğu halda, Türkiyədə 1 dollar olur. Səbəb odur ki, bizdən fərqli olaraq Türkiyədə monopoliya yoxdur. Orada çoxsaylı topdansatış bazarları var, lakin belə bazar Azərbaycanda bir dənədir. Türkiyədə hər həftənin birinci günü fermerlər istehsal etdikləri pomidor, xiyar və digər tərəvəzləri özləri yarmarkalara çıxarırlar. Ankarada bütün rayonlarda bir neçə yerdə yarmarkalar keçirilir ki, kəndlilər istehsal etdikləri məhsulu özlərinə sərf edən, alıcılar üçün əlçatan qiymətə sata bilsinlər. Azərbaycanda isə topdansatış bazarının əlində geniş ticarət şəbəkələri var. Onlar məhsulları həmin şəbəkələrə göndərirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
9
hafta.az

9Mənbələr