AZ

Toz-torpağın içində şıdırığı alver: küçə ticarətinə niyə nəzarət edilmir?

Paytaxtda yol kənarı və metro çıxışlarında küçə ticarəti ilə məşğul olanların sayı gündən-günə artır. Açıq havada, günün altında satılan meyvə-tərəvəz və digər qida məhsulları kənardan göz oxşasa da, onlar bəzən sağlamlıq üçün problemlər yaradır. Xüsusən də isti havada, açıq şəkildə piştaxtaların üstündə satılan ət və kolbasalar zəhərlənməyə səbəb ola bilər.




Məsələyə münasibət bildirən qida texnoloqu Ağa Salamov Bakupost.az -a deyib ki, küçələrdə açıq havada satılan qidalar çox risklidir:

“Həmin qida məhsulları hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıqdır. Saatlarla mühit temperaturunda qalan riskli qidalar hər saatda milyonlarla bakteriyaların çoxalması nəticəsində çirklənməyə məruz qalır. Bu da istehlakçıların zəhərlənməsinə səbəb olur. Ona görə də belə yerlərdə alış-veriş edərkən, diqqət edilməli olan məqamlar var. İlk növbədə satış nöqtələri soyuducularla təchiz olunmalıdır. Əgər məntəqə meyvə və tərəvəz yeridirsə, vətəndaş orada riskli qida da satmaq istəyirsə, o zaman soyuducu təchiz edilməklə ət, balıq, toyuq və s. sata bilər. Amma bu qidaların daşınması, saxlanması nəzarətdə olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, günlərlə yemiş, qarpız və digər bu kimi qidaların üzərinə günəş şüaları düşdükdə onlar da sağlamlıq üçün problem yarada bilər. Belə ki həmin məhsulların tərkibində dəyişiklik baş verə, buda zəhərlənmə ilə nəticələnə bilər.




Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, havaların isti keçməsi ilə əlaqədar küçədə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər baş verir. B u da insan orqanizmi üçün çox zərərlidir. Ona görə də qidaların mənşəyi bəlli olmalı, onları sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl edən yerlərdən almaq lazımdır:

“Yol kənarlarında satılan peraşki və bu kimi qızartma məhsulları dəfələrlə istifadə edilmiş, köhnə yağda qızardılır. Bəzən məhsul bişirən qadın özü belə günlərlə təmizlənmir. Bu kimi qidaların hazırlanmasında keyfiyyətsiz və ucuz xammaldan istifadə edilir. Üstəlik bu məhsullar açıq şəkildə satılır ki, bu zaman fiziki çirklənməyə məruz qalır. Düzgün şəraitdə saxlanılmayan belə qidaları qəbul etdikdə insan orqanizmində maddələr mübadiləsinin, bağırsağın mikroflorasının pozulması kimi fəsadlar ortaya çıxır. Qızardılmış qidalar alınan zaman insanlar birinci növbədə onun saxlanma şəraitinə, hazırlanması zamanı sanitar-gigiyena qaydalarına əməl olunub-olunmadığına diqqət etməlidirlər. Belə məhsulllar vitrində, qapalı formada alıcılara təqdim olunmalı və təmizliyə xüsusilə nəzarət edilməlidir. Vitrində olan məhsullar bir-birindən aralı yığılmalıdır. Satıcılar isə xüsusi geyimdə olmalı, mütləq şəkildə əlcəkdən istifadə etməlidirlər. Məhsulun təzəliyini göstərən etiketlər də vitrinə vurulmalıdır”.

M.Hüseynovanın dediyinə görə, küçələrdə açıq şəkildə satılan peraşkilər alıcılara souslarla təqdim olunur. Bir neçə şəxsin ayni vaxtda bu sousdan istifadə etməsi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur:

“Hazırda azad bazar iqtisadiyyatı olduğu üçün bu, sahibkarlara öz bizneslərini inkişaf etdirməyə imkan verir. Amma bu, onların daha az pulla xammal alıb keyfiyyətsiz məhsullardan istifadə etməyəcəyi mənasına gəlmir”.

Mütəxəssis vurğulayıb ki, mütəmadi olaraq aidiyyatı qurumlar tərəfindən sözügedən qida məhsullarının hazırlandığı məkanlarda yoxlamalar aparılmalıdır:

“Adətən, biz görürük ki, hər hansı məkanda zəhərlənmə halı baş verdikdən sonra orada yoxlamalar aparılır. Bu zaman da bir çox insanların sağlamlığına zərər dəymiş olur. Ona görə də zəhərlənmə hallarının baş verməməsi üçün öncədən yoxlamalar aparılması, müvafiq tədbirlərin görülməsi vacibdir”.




Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkədə bütün qida zəncirinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir:

"Amma Agentlik bu məsələlərdən çox uzaqdır. Harada gəldi, necə gəldi, qidalar satılır. Bu gün yol kənarlarında, böyük marketlərin qarşısında, avtomobillərin arxasında, açıq hava şəraitində toyuq, yumurta satılır. Təəssüflər olsun ki, istehlakçılar da belə yerlərdən məhsullar alıb istifadə edirlər. İstehlakçılar belə yerləri baykot etməli, oradan məhsul almamalıdırlar. Küçə ticarətinə rayon icra hakimiyyətləri və polislər nəzarət edirlər. Orada satılan bütün keyfiyyətsiz məhsullara görə məhsuliyyət onların üzərindədir”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
bakupost.az

10Mənbələr