AZ

Sürücülər əsassız yerə saxlanılır – Nə etməli? – AÇIQLAMA

Son günlər redaksiyamıza vətəndaşların əsassız olaraq yol polis əməkdaşları tərəfindən alkoqol müayinəsinə cəlb edildiyi ilə bağlı şikayətlər daxil olur. Onlar içki içmədiyi halda yoxlanıldığı, belə olan məqamda isə işə və ya getdikləri yerə gecikdiyini qeyd edirlər. Maraqlıdır, polis əməkdaşlarının bu addımı atması, yoxlanışlar nə dərəcədə qanunidir və məsələ necə tənzimlənir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı KONKRET.az-a açıqlamasında şikayətlərə aydınlıq gətirdi:

“Alkoqol testinin aparılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bu icraatın doğru-dürüst həyata keçirilməsi yol patrul əməkdaşları tərəfindən tənzimlənməlidir.

Lakin bir məsələ var ki, sürücü tibbi müayinəyə cəlb olunursa, mütləq şəkildə ilkin əlamətlər olmalıdır. Təsadüfi seçimlə insanları yoxlanışdan keçirmək doğru yanaşma deyil. Hesab edirəm ki, bu prosedurun qaydaya salınmasına ciddi şəkildə ehtiyac var. Amma nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin qərarına da uyğun davrandıqda belə neqativ hallar üzə çıxır. Məsələn, narkotik aludəçiləri var ki, aşkarlanması bir qədər asan başa gəlmir. Onların üzə çıxarılması yalnız belə hallarla mümkün olur. Bu problem daha çox taksi sürücüləri arasında aşkar edilir. Sözügedən yoxlanışlar insanları narahat edir”.

E.Muradlı bəzi məsələlərin qaydaya salınmasının vacibliyini vurğuladı:

“İnsanlar haqlı olaraq bildirirlər ki, əsassız olaraq müayinə aparılması onların işə və digər yerlərə gecikməsinə səbəb olur. Baxın, əlamətlər aşkar şəkildə hiss olunmursa, sürücü digər insanlara təhlükəli hal yaratmırsa, onu yoxlamaq, maşını saxlamaq əsassızdır. Bunların fonunda yenə bir məsələ ortaya çıxır. Bəzi şəxslər var ki, orqanizmi güclüdür, içki qəbul edirlər, lakin büruzə vermirlər. Buna görə də polis məcburdur ki, təsadüfi seçimlə onları müayinə etsin. Belə hallar da qeyd etdiyim kimi insanları narahat edir. Hüquq-mühafizə orqanları işlərini insanların rahatlığına uyğun tənzimləməlidir. Bizə də şikayətlər daxil olur ki, axşam içki qəbul edirik, səhər cərimə olunuruq. Baxın, bunlara görə sürücüləri cəzalandırmaq olmaz. Vətəndaşlar da buna görə haqlarını məhkəmə yolu ilə tələb edə bilər”.

Məlik Məlikov,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
konkret.az

10Mənbələr