AZ

Yeniyetmələr, xüsusilə qızlar evdən niyə qaçırlar? - MÜNASİBƏT BİLDİRİLDİ

"Həqiqətən də, bu gün yeniyetmələrin, xüsusilə qızların evdənqaçma halları çox artıb". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist və yaşam koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bir çox faktlar məhz evdən qaçan qızlar valideynlər tərəfindən tez tapılıb evə qaytarıldığı üçün mediaya çıxmır: "Yeniyetmələr, xüsusilə qızlar evdən niyə qaçırlar? Bu, ilk növbədə yaş psixologiyası ilə bağlıdır. Uşaq yeniyetməlik dövrünə qədəm qoyduğu andan onun orqanizmində əsaslı dəyişikliklər baş verir: hipofız və qalxanabənzər vəzilərin fəaliyyəti intensivləşir ki, bunun sayəsində orqanizmdə maddələr mübadiləsi artır, bədənin aşağı və yuxarı ətrafları sürətlə inkişaf edir, hərəkətləri yöndəmsiz, kobud və qaba olur.

Yeniyetməlik dövründə fiziki inkişafla yanaşı sürətlə cinsi yetişkənlik də baş verir. Cinsi yetişkənlik qızlarda, əsasən, 11-13 yaşda, oğlanlarda isə 13-15 yaşda başlayır və bu zaman uşaqların zahiri görünüşü də dəyişir, qızlarda döş vəziləri inkişaf edir, oğlanların səsi kobudlaşır, əzələ qüvvəsi artır və s. Bununla da yeniyetmələrdə psixoloji dəyişikliklər baş verir. Bu dövrdə uşaqlarda boy da sürətlə inkişaf edir və onlarda özünüdərk hissi güclənir. Psixologiada buna “yaşlılıq hissi” deyilir. Lakin uşağın sevgi, diqqət görmədiyi ailədə bu dövr çox ağrılı keçir, nəticədə formalaşmaqda olan yeniyetmə ilə valideyn arasında konfliktlərin təməli qoyulur.

Vəziyyət həqiqətən də düşündürücüdür. Çünki burada bir çox valideynlərin uşaqlara qarşı diqqətsizliyi, sevgisizliyi, “qarnını doyururam, paltarını alıram, dərsini oxusun” düşüncəsində olmasıdır. Halbuki uşağa öncə sevgi, diqqət verilməlidir. Valideyn sevgisi yoxdursa, valideyn qaba, kobuddursa, uşağı daim təzyiq altında saxlayırsa, “o olmaz, bu olmaz” kimi qadağalar qoyursa, o uşaq imkan tapan kimi qaçacaq. Bu arada qeyd edim ki, cəmiyyətdə çox yanlış olaraq “qızını döyməyən dizini döyər” fikri formalaşıb. Bu çox təhlükəli stereotipdir. Əslində qızını döyən mütləq bir gün dizini döyər. Nəinki uşaqları, heç heyvanları da döymək olmaz. Təbii ki, bu fikirlərin uşağını, xanımını döyən, hətta uşağın gözü qabağında xanımına əl qaldıran “ayı”lara aidiyyatı yoxdur. Bəzi valideynlər“ uşaqdır, başa düşmür” deyib uşağın gözü qabağında sürəkli mübahisə edər, bir-birinə olmazın sözlər deyər, təhqir edərlər, bütün bunlar isə uşaq psixologiyasına çox mənfi təsir edər. Uşağının normal inkişafını istəyirsənsə, anasını sevəcəksən, anası sevilməyən uşaq heç bir vaxt xoşbəxt ola bilməz və bu ortamda formalaşan uşaq mütləq travmalı böyüyəcək və gələcək həyatında da mütəxəssis yardımı olmasa mütləq mənfi iz qoyacaq. Ailədə şiddət görən, valideynlərin sevgisizliyini hiss edən qızlar xoşbəxt ola bilmir və narsist erkəklərin ovuna çevrilir. Ata sevgisi görməyən, yaxud az görən qızlar mütləq gələcəkdə o sevgini narsist yaşlı kişilərdə axtaracaq. Bunun nümunəsi kimi bu gün bir çox məktəbli qızların özlərindən 10-15 il böyük kişilərlə, hətta evli kişilərlə sosial şəbəkələrdə tanış olub münasibət qurmasını göstərə bilərik. Uşaq vaxtı valideynlər uşaq ağlamasın deyə, əlinə telefon verir, o uşaq böyüyəndə artıq sosial şəbəkələrdə az qala eyni vaxtda 2 kişi ilə gizli danışır. Müəyyən təlimlər keçmiş bir mütəxəssis olaraq biz hər hansı bir yeniyetmənin davranışlarına, maraqlarına baxanda müəyyən məsələləri dərk edə bilirik, lakin valideynlər bunu hiss edə bilmirlər və “mənim uşağım elə etməz” deyirlər. Ancaq nə qədər inkar edilsə də, fakt faktlığında qalır və bir gün böyük problemə çevrilir".

"Bu, çox böyük bir problemdir və bir açıqlama ilə bitməz. Problemin həlli üçün maarifləndirmə işləri aparılmalı, uşaqların cinsi tərbiyəsinə diqqət yetirilməlidir. Orta məktəb proqramına, xüsusilə 9-11-ci sinif proqramına ailə dəyərləri, cinsi tərbiyə ilə bağlı fənn salınsa, həmin fənnin tədrisi də məktəb psixoloqlarına həvalə olunsa, çox müsbət təsiri olar. Bu bir yenilik də deyil, əvvəllər orta məktəblərdə “Ailə” adlı fənn tədris olunub və bunun üzərində yenidən düşünməkdə fayda var. Həmçinin bu məsələdə medianın, xüsusilə TV və sosial şəbəkələrin mənfi rolunu da qeyd etməliyik. Bir çox istedadsız müğənnilərin efirlərdən erkən ailə qurduğunu, sonra boşandığını və boşandıqdan sonra da uğur qazanmağa başladığını qəhrəmanlıq kimi danışması yeniyetmə qızların düşüncəsinə mənfi təsir edir, həmin müğənniləri görəndə ağlamaqdan ürəyi gedən yeniyetmələr də düşünürlər ki, evdən qaçsalar, tez ərə getsələr, bədənin müəyyən nahiyələrini estetik əməliyyatla dəyişdirə bilsələr, onlar da uğur qazanacaqlar. Uğur qazanmaq üçün zəhmət çəkmək lazım olduğunu anlayanda isə artıq gec olur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
sia.az

10Mənbələr