AZ

Ançelotti Mbappeni hansı mövqedə oynadacaq? - Özü cavabladı

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin meydandakı mövqeyi ilə bağlı suallardan bezmiş Karlo Ançelotti cavabı ilə diqqət çəkib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, “qaymaqlılar”ın italyan çalışdırıcısının bu barədə cavabını təqdim edir:

“Mbappe harada oynayacaq? Əşi, onu harasa qoyacağam, ona yer tapacağıq…”, deyə Ançelotti özünəməxsus üslubda jurnalistlərin cavabını verib.

İyunun 3-də “Real” Mbappe ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib. İyulun 16-da isə “Real” yeni transferini ictimaiyyətə təqdim edib. Fransalı hücumçunun maaşının ildə 30 milyon avro məbləğində olacağı, vuracağı qollara görə isə əlavə üstəliklər alacağı barədə məlumat yayılıb. Mbappenin müqaviləsinə 1 milyard avro məbləğində təzminat maddəsi də daxildir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
8
arena.az

10Mənbələr