AZ

Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok yarışlarının qalibləri mükafatlandırılıb

Ölkəmizdə bədii gimnastikaya diqqət və qayğı yetərincə yüksək olduğundan uşaq və yeniyetmələrdə bu sahəyə maraq da ildən-ilə artmaqdadır.

“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi kubok yarışları bu dəfə Qəbələ Olimpiya İdman Kompleksində baş tutub.

Yarışların Qəbələ şəhərində keçirilməsi də təsadüfi deyil. Çünki bu qədim şəhərin böyük turizm potensialı olduğu kimi yarışların təşkili üçün həm təcrübəsi, həm də müasir idman zalları mövcuddur.

Federasiyadan bildirilib ki, Milli yarışın iştirakçıları arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksinin müxtəlif yaş qruplarından olan idmançıları yer alıb.

Federasiyanın Qəbələ və Oğuz rayon Olimpiya İdman Komplekslərinin məşqçisi Aytac Süleymanovanın sözlərinə görə, kubok yarışlarında Azərbaycanın dörd bir tərəfindən 100-ə yaxın gimnast bir araya gəlib.

Kubokda gimnastlar müxtəlif yaş qrupları üzrə mübarizə aparıblar. Onlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış ediblər. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparılıb.

Gərgin və maraqlı keçən yarışlardan sonra yaş və kateqoriyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılara medallar, diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan Gimnastika Federasiyasından o da bildirilib ki, ötən il Lənkəranda təşkil olunan bölgələrarası kubokla müqayisədə bu il iştirak edən idman cəmiyyətləri və idmançıların sayında əhəmiyyətli artım nəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusən gimnastikaya marağın artırılması istiqamətində görülən işlər öz nəticəsini verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
ikisahil.az

10Mənbələr