AZ

Makronun iflası - AP-nin ardınca Yeni Kaledoniya

Pərvanə SULTANOVA [email protected]


Fransa prezidenti Emmanuel Makronun xarici siyasəti tam iflasa uğradığı kimi, ölkə daxilində də mövqeyi zəifləmiş durumdadır. Avropa Parlamenti seçkilərində partiyasının ağır məğlubiyyətə uğraması Makron iqtidarı üçün sarsıdıcı zərbə oldu və onun reytinqinin kəskin aşağı düşməsinə gətirib çıxardı. Amma ardınca növbədənkənar parlament seçkiləri elan etməsi vəziyyətini daha da ağırlaşdırır. Çünki hazırda hakim İntihab Partiyasının şansları çox aşağı qiymətləndirilir. Əgər belə olmasaydı, fransız xalqı Avropa Parlamentinə seçkilərdə ifrat sağçılara dəstək verməzdi.

Qeyd edək ki, sağçı "Milli birlik" Partiyası Avropa Parlamentinə seçkilərdə 31,36 faiz və ya 7,7 milyon, Makronun partiyası isə səslərin 14,6 faizini və yaxud 3,6 milyon səs toplayıb. Avropalı analitiklər düşünürlər ki, Fransa lideri miqrasiya əleyhinə olan, millətçi və avroskeptik ifrat sağçılara növbədənkənar seçkilərlə yeni şans vermiş olur. Amma şübhəsiz ki, Makron özü üçün daha yaxşı nəticələrə ümid edir.

Fransızlar da bu qərarı dəstəkləmirlər. "Deutsche Welle"nin Parisdə keçirdiyi sorğuda bu qənaət bir daha özünü doğruldub. Məsələn Jan-Pol adlı vətəndaş deyib ki, Makronun Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası - red.) buraxmaq qərarına gəlməsi olduqca qəribədir. O, çaşqın vəziyyətdə olduğunu və nə düşünəcəyini bilmədiyini deyib: "Yaxşı hökumət yaratmaq onun üçün çox çətin olacaq. Fransızların ifrat sağı dəstəkləmək və ya Avropa yolunu davam etdirmək istəməsinə özləri qərar verəcəklər".

Emmanuella adlı başqa bir vətəndaş isə riskli oyununa görə Makrona qəzəbli olduğunu deyib: "Onun qalib gələcəyinə əmin deyiləm. Bunu niyə etdiyini tam başa düşmürəm. Hesab edirəm ki, bu, ifrat sağçıların hökumətə girməsinin yoludur".

Makronun bu qərarı hakim İntibah Partiyasının üzvləri də daxil olmaqla, bütün ölkəni, o cümlədən, Avropanı təəccübləndirib. Makron 2022-ci il prezident seçkilərində Marin Le Penə qalib gələrək ikinci və sonuncu beşillik müddətə prezidentliyini təmin edib. Amma həmin il partiyası parlament seçkilərində çoxluğu itirib.

İntibah Partiyası digər mərkəzçi qüvvələrə müraciət edərək, qarşıdakı həftələrdə Milli Birliyə qarşı birləşməyə çağırıb. Əgər ifrat sağçı partiya gələn ay Fransanın qanunverici orqanında səs çoxluğu qazanarsa, Makron onun lideri Bardellanı Baş nazir təyin etməyə məcbur ola bilər.

Avropa üzrə analitiklər Fransa prezidentinin nə etmək istədiyini anlamağa çalışırlar. Avropa İttifaqı üzrə ekspert Müctəba Rəhman bunu "hesablanmış risk və ya ağılsız avantüra" adlandırıb: "Görünür, Makron qarşıdan gələn milli seçkilərdə daha yüksək fəallığa və daha ehtiyatlı səsverməyə ümid edir. Avropa Parlamenti seçkiləri seçicilər tərəfindən tez-tez populyar olmayan milli hökumətləri tənqid etmək üçün istifadə olunur. İstənilən halda, narazılıq nisbəti 65 faiz olan Makron bu ilin sonunda 2025-ci il büdcəsini qəbul etməyə çalışdığı üçün çox güman ki, növbədənkənar parlament seçkilərinə gedəcəkdi".

Avropa Şurasının Xarici Əlaqələr üzrə Analitik Mərkəzinin eksperti Pavel Zerka isə hesab edir ki, Makron sorğulara meydan oxumağı hədəfləyir. Amma bununla o, prezident səlahiyyəti müddətinin son üç ilini Marin Le Penə açıq şəkildə uduzduğu nəticənin kölgəsi altında keçirmək riski ilə üzləşir. Fransa prezidenti hücuma keçmək və fransızların qəlblərini və düşüncələrini geri qaytarmağa çalışmaq qərarına gəlib: "Makron sorğulara meydan oxuyacağını düşünərək Fransanı Avropayönlü, Ukraynayönlü və mərkəzçi status-kvo ilə kəskin antiavropa mövqeyində qalan və Vladimir Putini dəstəkləmək tarixi olan ifrat sağçı hökumətin ekzistensial riski arasında çətin seçim qarşısında qoyur.

Fransa prezidenti, ola bilsin ki, keçən il qalib gəldiyi növbədənkənar seçkilərdə karyerasını təhlükəyə atan İspaniyanın Baş naziri Pedro Sançezdən nümunə götürmək qərarına gəlib".

Bununla belə, Zerka qeyd edib ki, bu addım Makrona uğur gətirməsə, Le Pen və onun 28 yaşlı varisi Bardella bundan faydalanacaq və onların mövqeləri hazırda son dərəcə güclüdür: "Biz iyun ayında keçiriləcək seçkilərdən sonra növbəti hökumətə qoşulacağı təqdirdə Le Penin Fransa siyasətinə təsirinin çox sürətlə artacağı ssenarisini istisna edə bilmərik".

Məlumdur ki, qarşıdakı parlament seçkilərinin Fransanın hüdudlarından çox kənarda da təsirləri olacaq. Əgər ifrat sağçılar qalib gəlsə, Fransa İtaliya və İsveçdən sonra hökumətdə ifrat sağçı partiyaya sahib daha bir Avropa ölkəsi olacaq.

Avropa Parlamentinə seçkilərin nəticələri Berlindəki liderlərə də çox ciddi zərbə oldu. Bu, Avropa İttifaqının ən güclü iki ölkəsinin siyasi tandeminə mənfi təsir göstərdi. Almaniya və Fransa liderləri Avropa Parlamentinə seçkilərdən sonra Aİ-nin ən yüksək vəzifələrində yer almaq uğrunda mübarizəyə təsir imkanları da azalmış olur. 

Yeri gəlmişkən, Makron iqtidarının AP seçkilərində uğursuzluqdan sonra Yeni Kaledoniyada da geriyə addım atmağa məcbur qalıb. Belə ki, yerli kanak xalqının kəskin etirazına səbəb olan və uzun müddət davam edən etiraz aksiyasının nəticəsi olaraq Makron orada 10 ildən artıq daimi yaşayan şəxslərə seçki hüququnun verilməsi barədə düzəlişin qüvvəyə minməsini dayandırıb. Həmin düzəliş birbaşa süni şəkildə yerləşdirmə edərək, yerli kanak xalqın səsini boğmağa, hüquqlarını daha da məhdudlaşdırmağa, onları assimlyasiyaya məruz qoymağa hesablanmışdı. Makron hökumətinin konstitusiya bu düzəlişi etmək niyyəti arxipelaqda son onilliklərin ən güclü etirazlarına gətirib çıxarmışdı. Yelisey sarayı Yeni Kaledoniyada etirazları yatırmaq üçün ən sərt üsullardan istifadə etdi, yerli əhaliyə qarşı amansız zorakılıqlar tətbiq etdi, nəticədə 10 nəfər həyatını itirdi, xeyli adam yaralandı.

Müşahidəçilərin fikrincə, Fransa prezidenti məcburiyyətdən bu qərarı qəbul edib. Çünki hazırkı həssas dönəmdə qeyri-müəyyənliyə yol vermək onu daha çətin duruma sala bilər.

Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan hərəkatları bazar günü keçirilən AP-yə seçkilərdə Makronun ifrat sağçılara məğlub olmasını və erkən parlament seçkilərini nəzərə alaraq, artıq səsvermə islahatını qeyri-mümkün hesab ediblər.

Göründüyü kimi, Makron bütün cəbhələrdə uğursuzluğa düçar olur. Bu, əlbəttə ki, onun həyata keçirdiyi yanlış xarici və daxili siyasətin nəticəsidir. Növbədənkənar seçkilərdə gözlənilən məğlubiyyəti isə Makron üçün son zərbə olacaq.

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
14
525.az

10Mənbələr