AZ

Teymur Nadiroğlu: “Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 44 faizdən çox artıb”

Azərbaycanın Çin Xalq Respublikasında (ÇXR) fəaliyyət göstərən ticarət evləri ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. Ticarət evlərinin funksiyaları bir sıra sahələrdə, o cümlədən investisiya, nəqliyyat, turizm sektorunda qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək olmaqdır.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu "vergiler.az"a müsahibəsində mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirib.

- Son dövrlərdə, xüsusilə ötən il Azərbaycanla Çin arasında iqtisadi-ticarət əlaqələrini necə qiymətləndirirsiniz?

- COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması nəticəsində 2020-2022-ci illərlə müqayisədə ötən il ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri daha məhsuldar olub. 2023-cü il ərzində hər iki istiqamətdə önəmli səfərlər çərçivəsində çoxsaylı görüşlər keçirilib və Azərbaycanda bir sıra investisiya layihələrinin həyata keçirilməsi üzrə çinli tərəfdaşlarla danışıqlara başlanılıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun ötən il Çinə səfəri çərçivəsində ÇXR Milli İnkişaf və İslahat Komissiyası, Kommersiya Nazirliyi, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, Asiya İnfrastruktur İnvestisiya Bankı, Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyası və bir sıra şirkət rəhbərləri ilə önəmli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Səfər zamanı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin imzalanması xüsusi vurğulanmalıdır. Ölkənin ən önəmli dövlət qurumlarından hesab olunan Milli İnkişaf və İslahat Komissiyası Çin Xalq Respublikasının sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsi üzrə məsul qurumdur. Bu sazişin imzalanması ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açır. Xatırladım ki, həmin səfər çərçivəsində Pekində, həmçinin, Azərbaycan Ticarət Evinin açılışı olub.

2023-cü ildə, həmçinin, Şanxay şəhərində keçirilən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin müxtəlif istiqamətlərini özündə ehtiva edən Protokol imzalanıb. Bu sənəd aidiyyəti qurumlar üçün bir növ yol xəritəsidir. Komissiyanın iclasında həmsədrlər qismində Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, ÇXR-i isə kommersiya nazirinin müavini Lin Ci təmsil edib. Qeyd edim ki, həmin iclas ölkənin ən böyük idxal sərgisi olan Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində keçirilib. Bu, Çində idxal mövzusunda keçirilən ən böyük sərgi hesab olunur və dünyanın bir çox ölkəsi Çin bazarına ixrac etmək istədiyi məhsulları məhz bu sərgidə nümayiş etdirir. Çin Xalq Respublikasının sədri Si Cinpinin təşəbbüsü və Kommesiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə hər il müxtəlif ölkələrin dövlət başçıları, digər yüksək vəzifəli şəxsləri iştirak edirlər. Azərbaycan hər il olduğu kimi, bu sərgiyə geniş tərkibdə qatılıb və “Made in Azerbaijan” məhsulları vahid ölkə stendində nümayiş olunub. Bununla yanaşı, sərgi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatının Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

2023-cü ildə iki ölkənin iqtisadi münasibətlərində baş vermiş digər önəmli hadisə kimi Çinin ölkə rəhbərliyi səviyyəsində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə verdiyi dəstəyi də vurğulamaq lazımdır. 2023-cü il oktyabrın 18-də Pekində keçirilmiş 3-cü “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən ÇXR-in sədri Si Cinpin öz nitqində “Kəmər və Yol” təşəbbüsünün yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar səkkiz tədbir açıqlayıb. Bunlardan birincisi Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında iştirakını nəzərdə tutur. Ölkə başçısının bu açıqlamasından sonra Çində Orta dəhliz kimi tanınan bu marşruta həm dövlət qurumları, həm də şirkətlər tərəfindən maraq daha da artıb.

2023-cü il Azərbaycanın Çinlə iqtisadi-ticarət münasibətləri üçün kifayət qədər
uğurlu olub və əlaqələrin dərinləşdirilməsi baxımından yaxşı zəmin yaradılıb

Onu da qeyd edim ki, 2023-cü ildə Azərbaycan-Çin ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 44%-dən çox artaraq təxminən 3,1 milyard ABŞ dolları təşkil edib. Bundan əlavə, ötən il Azərbaycan məhsul və xidmətləri Çində keçirilmiş 11 beynəlxalq sərgidə təqdim edilib. Çinin Pekin və Sian şəhərlərində daha iki Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. Qeyd etdiklərimi ümumiləşdirərək deyə bilərəm ki, 2023-cü il Azərbaycanın Çinlə iqtisadi-ticarət münasibətləri üçün kifayət qədər uğurlu olub və əlaqələrin dərinləşdirilməsi baxımından yaxşı zəmin yaradılıb.

- Çindən Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların cəlb olunması sahəsində hansı nailiyyətlər əldə edilib?

- Ötən il Çindən birbaşa investisiyaların cəlb edilməsi baxımından da müəyyən uğurlar əldə olunub. Azərbaycanda ümumi investisiya dəyəri 50 milyon ABŞ dolları olan keramik plitələr istehsalı zavodu 2023-cü ildən fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən müəssisənin illik istehsal həcmi 15 milyon kv/m-dir. İstehsal edilən məhsulların ölkədaxili satışı ilə yanaşı, artıq MDB ölkələrinə də ixracına başlanılıb.

Ötən il, həmçinin, “Energy China International” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Əməkdaşlığa dair Saziş, “Energy China International” şirkətinin törəmə şirkəti olan “China Gezhouba Group Overseas Investment” isə Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edən Anlaşma Memorandumu imzalayıb.

2024-cü ilin ötən dövrü ərzində də ticarət əməkdaşlığı istiqamətində kifayət qədər işlər görülüb, Çinin müxtəlif şəhərlərində ölkəmizin cəlbedici investisiya mühitinə, ixrac və nəqliyyat potensialına həsr olunmuş dörd tədbir, şərabçılığa dair bir master-klass keçirilib, Çendu və Nankin şəhərlərində Azərbaycan ticarət evləri fəaliyyətə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
25
fins.az

10Mənbələr